Bako Saakyanı doğum evindən çıxaran azərbaycanlı – ÖZƏL MÜSAHİBƏ (FOTOLAR)

Bako Saakyanı doğum evindən çıxaran azərbaycanlı – ÖZƏL MÜSAHİBƏ (FOTOLAR)
  18 Noyabr 2017    Oxunub:46072
Kazımov Temirxan Daşdəmir oğlu uzun illər Xankəndində yaşayıb və orada Universamın direktoru vəzifəsində çalışıb. O, işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan cinayətkar rejimin “prezidenti” Bako Saakyanla qonşu olub.
Hətta Saakyan doğulanda onu xəstəxanadan Temirxan müəllim gətirib. Bunun necə baş verdiyini AzVision.az-a müsahibəsində xatırlayır:



- Bahadır (Bako) mənim qonşum olub. Onlar Sabir küçəsi 23-də, bizimlə yanaşı yaşayırdılar. Bacısından sonra onun 3 qardaşı dünyaya gəlib və hər üçü də bir neçə aylıqlarında tələf olublar.



O vaxtlar rəhmətlik dayım Vəli Məmmədov "Qorispolkom"un baş mühasibi işləyirdi. Mən balaca idim, 7 yaşım olardı. Bako dünyaya gələndə dayım gəldi mənə dedi ki, “Teymur, sənə bir iş tapşıracağam. Səni maşına qoyub, xəstəxanaya aparacaqlar, bir uşaq verəcəklər, sən o uşağı qucağına alıb, Sara bibinin evinə gətirəcəksən. Sara bibi səni qarşılayacaq. Deyəcək ki, nə versəm, bu uşağı mənə verərsən? Sən də “2 min manat” deyərsən. Uşağın adın da soruşacaq, deyərsən ki, adını Bahadur qoymuşam”.


(Robert Koçoryan, Monte Melkonyan, Bako Sahakyan və Samvel Babayan)

Bir neçə gün keçdi. Bakonun atası Saakyan Saak Ayrapetoviç maşını qapımızda saxladı və mənə dedi ki, gəl otur maşına, doğum evinə gedirik. Xəstəxanda bir ağ xalatlı tibb bacısı gətirib bələkdə olan uşağı qucağıma verdi. Onların evinə gəldik. Sara bibi bizi qarşıladı və dedi ki, Teymur, bala, nə versəm uşağı mənə verəsən? Uşaq da mənim qucağımda idi. Dedim ki, 3 min. O, sakitcə mənə 3 min rubl verdi. Soruşdu ki, bu uşağın adı nədir? Dedim ki, Bahadur.


(Bako Saakyan və Həyat yoldaşı )

Onlarla çox mehriban qonşuluq əlaqələrimiz olub. Bayramlarda bir-birimizin evinə qonaq gedərdik. Hər Novruz bayramında Bakonun anası bizə xonça gətirərdi, sonra da anam o xonçanın qabını dolduraraq, geri qaytarardı. Aramızda kirvəlik yaranmışdı. Necə ki, xaçpərəstlərdə “xaç atası” deyilirdi, mən də onun kirvəsi idim.

- Bako necə bir uşaq idi?

-Onu hamı nəşəxor və qumarbaz kimi tanıyıb. Deyəsən elə indi də köhnə vərdişlərindən əl çəkməyib. Avaranın biri idi. Xankəndindəki ət kombinatının dəri sexində dəri aşılayan fəhlə idi. Müdiri də narkotik aludəçisi idi. Sonralar eşitdim ki, Bako guya Xankəndində hüquq təhsili alıb, institutu bitirdikdən sonra qondarma rejimin Moskvadakı nümayəndəliyində işə girə bilib. Orada isə Dağlıq Qarabağda çox məşhur olan İsaqulovla tanış olub. O, vaxtilə Muxtar Vilayətin prokuroru idi. Təsəvvür edin ki, 1988-ci də dəri aşılayan “nəşəxor” bir fəhlə 10 il sonra vəzifəyə gətirilir.

Bako bir dəfə utanmadan dedi ki, Dağlıq Qarabağda azərbaycanlılar yaşamayıb. Mən də ona xəbər göndərdim ki, səni qucağımda gətirib, 3 min manata anana verdiyim nə tez yadından çıxdı, ay Bako?







Hafiz Əhmədov
AzVision.az


Teqlər: Bako-Saakyan   Xankəndi  





Xəbər lenti