Müxalifətin sosial şəbəkələrdə seçki manipulyasiyası

Müxalifətin sosial şəbəkələrdə seçki manipulyasiyası
  08 Yanvar 2018    Oxunub:3011
Məlum olduğu kimi, Azərbaycanda 2018-ci ildə növbəti prezident seçkiləri keçiriləcək. Seçkiyə xeyli müddət qalmasına baxmayaraq, bir sıra müxalifyönümlü “Facebook” səhifələrində virtual seçkilər keçirilir.

Yeni Azərbaycan Partiyasının funksioneri, millət vəkili Aydın Mirzəzadə AzVision.az-a bildirib ki, müxaliflərin sosial şəbəkələrdə keçirdiyi seçki-sorğular manipulyasiyadır.
A.Mirzəzadə qeyd edib ki, keçirilən belə seçki-sorğular real mənzərəni ortaya qoya bilməz: “Sosial şəbəkələrdə keçirilən seçki-sorğuları manipulyasiyadan başqa bir şey hesab etmirəm. Çünki, Azərbaycanda prezident seçkiləri sosial şəbəkədəki bir qrup insan arasında yox, səsvemə hüququ olan vətəndaşlar arasında keçirilir. Eyni zamanda heç də Azərbaycan vətəndaşlarının hamısı hansısa sosial şəbəkədəki səhifədə belə bir sorğu-seçkinin keçirilməsindən nə xəbərdardır, nə də orada iştirak etmək həvəsindədir.

Hesab edirəm ki, belə sorğu keçirən səhifələr bağlı olduğu siyasi kəsimin namizədinin gizli təbliğatını aparır. Yəni, öz tərəfdarları onlara sərf edən namizədə səs verməklə seçki-sorğuda onu ən "şanslı" namizəd elan edirlər. Əslində isə kimin şanslı, kimin uğursuz namizəd olduğunu indiki reallıq göstərir. Sosial şəbəkə təbliğat formalarından biridir. Amma heç bir halda bu əsl seçkini əvəz edə bilməz və real mənzərə ortaya qoya bilməz”, - YAP funksioneri vurğulayıb.



A.Mirzəzadə, həmçinin YAP-ın seçkiyə hazırlığından söz açıb: “Yeni Azərbaycan Partiyası partiya daxilində həmişə seçkilərə hazırlaşır. Bir seçki bitdikdən sonra, biz yeni seçkini hədəf götürərək özümüzün təşkilati və texniki hazırlığımızı nəzərdən keçiririk, yeni üzvlərlə işləyirik. Proqramımızı və istəklərimizi cəmiyyətdə təbliğ edirik. Keçirdiyimiz tədbirlərdə müstəqil dövlətçiliyimizin qazandığı nailiyyətlərlə, qarşımızda duran məsələlərlə bağlı üzvlərimiz və vətəndaşlarımızla geniş iş aparmağa çalışırıq.

2018-ci il əhəmiyyətli ildir. Konstitusiyamıza edilən sonuncu əlavə və dəyişiklilərdən sonra, bu il keçiriləcək prezident seçkiləri yeni dövlət başçısına 7 illik mandat verəcək. Bu, Azərbaycan liderinin öz proqramını geniş şəkildə həyata keçirməyə imkan verəcək. Hazırda partiyada qarşıdan gələn prezident seçkilərinə təşkilati və texniki hazırlıq gedir. Gələcək komissiyalarda ola biləcək mümkün dəyişiklikləri nəzərdən keçiririk. Siyasi texnologiyalar üzərində işləyirik və müasir dövrün tələblərinə uyğun olaraq hər bir vətəndaşımıza, hər bir Azərbaycan sakininə çatmağa çalışırıq. Seçki Məcəlləsinin icazə verdiyi dövrdən isə artıq rəsmi şəkildə seçki təbliğatına başlayacağıq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: YAP   Seçki  





Xəbər lenti