Üçüncü Böyük Vladimir: Putinin min illik geosiyasəti – TƏHLİL

Üçüncü Böyük Vladimir: Putinin min illik geosiyasəti – TƏHLİL
  23 Mart 2018    Oxunub:16626
Rusiya tarixində üç böyük Vladimir olub - Vladimir Monomax, Vladimir Lenin, Vladimir Putin. Məhz Üçünçü Vladimir - prezident Putin dünya siyasətinin axarını dəyişdirdi, ona yeni impuls verdi, tənəzzülə uğrayan, parçalanmaq təhlükəsində olan ölkəsini fövqəldövlət statusuna iddiasını gerçəkləşdirməyə başladı.
Vurmağı və müdafiə olunmağı yaxşı bacaran peşəkar samboçu, peşəkar çekist və dünya siyasətini dəyişən adam. Onun titullarını çox sadalamaq olar. Müharibədən və blokadadan çıxmış Leninqradda, çox ağır şəraitdə yaşayan şəhərdə doğulan Putinin uşaqlığı onun bütün həyatına, dünyagörüşünə təsir göstərib. Ata Sobçak 1996-cı il seçkilərində qalib gəlsəydi, Putin Peterburqda qalardı və Rusiya tarixi başqa cür inkişaf edərdi. 1999-cu ildə yorğun Yeltsinin ətrafı baş nazir vəzifəsinə yeni namizəd axtarırdı. Duma Putinin namizədliyini təsdiq edəndə çoxları düşündü ki, o da əvvəlki baş nazirlər kimi 3 ay sonra bu vəzifənin öhdəsindən gələ bilməyib, istefaya gedəcək.

İki prezidentlik müddətini bir dəfə baş nazir postu ilə əvəz edən və bundan sonra daha 6 il üçüncü müddətə dövlət başçısı olacaq Putin - böyük Putin yenidən Rusiya prezidenti seçildi. Həm də heç bir saxtakarlıq olmadan. Buna ehtiyacı yox idi, çünki onun ölkədə reytinqi çox yüksəkdir. Seçkidən əvvəl rəy sorğusu mərkəzləri də elə seçkidəki nəticələrə yaxın proqnozlar əldə etmişdilər.

O, bəlkə də Qərbdə ən çox tənqid olunan siyasətçidir. Artıq Qərbdə bir paranoya var: fransız kriminalistləri hər hadisədə “qadın izi”, antisemitlər “yəhudi izi”, ermənilər “türk izi” axtardıqları kimi, dünya siyasətində hər hadisədə “Putin izi” axtarılır. Amma hər şey göründüyü kimi deyil. Məsələn, onu diktator olmaqda ittiham edirlər, halbuki Rusiyada tarix boyu bir diktatura olub, o da fəhlə-kəndli diktaturasının hökm sürdüyü sosializm. Rusiya elə bir ölkədir ki, orada diktatura rejimi qurmaq mümkün deyil.

Putin qaydalara riayət edən oyunçudur. Məsələn, özü etiraf edib ki, düşməninə də hörmət edə bilər, amma satqınlara əsla! Onun bu yanaşması çekist keçmişindən gələn yanaşmadır. Dövlət düşmənlərinə qarşı amansız olmaq onun peşə fəaliyyəti və bundan irəli gələn tələblərin formalaşdırdığı düşüncə tərzinin nəticəsidir. O, Kremldə otursa da, Lubyanka düşüncəsi ilə Rusiyanı dünya siyasətində söz sahibi edib.

Bir vaxtlar oliqarxlardan Putinə qarşı istifadə etməyi düşünən Qərb, bunun mümkün olmayacağını anlayanda onları sanksiyalar siyahısına əlavə etdi. Putin siyasi hakimiyyəti Yeltsindən təhvil almışdı, Qərbdə olduğu kimi oliqarxların dəstəyilə hakimiyyətə gəlməmişdi. Məsələn, ABŞ prezidentləri böyük maliyyə oliqarxlarının dəstəyi ilə hakimiyyətə gəlir və öz daxili, eləcə də xarici siyasətlərində ilk növbədə onların maraqlarını əsas götürürlər. Fransada, Almaniyada, digər Avropa ölkələrində də belədir. Oliqarxlar siyasətçilərin seçki kampaniyalarını maliyyələşdirir, onları hakimiyyətə gətirir və bu, “demokratik seçki” adlanır. Əslində burada heç bir demokratiya elementi yoxdur.



Rusiya Bizansın mənəvi varisi hesab edilir və Putinin siyasəti Üçüncü Romanın - Moskvanın dünya siyasətindəki rolunun artmasına yönəlib. Burada o, öz adaşı, Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilmiş, 988-ci ildə rus torpağında xristianlığı qəbul etmiş Vladimirin siyasətinə daha çox üstünlük verir. O, emosional qərarlar qəbul etmir, sərəncamında olan onlarla elmi-tədqiqat institutlarının, alimlərin tövsiyələri əsasında hərəkət etdiyini özü də gizlətmir. Görünür, Üçüncü Roma məsələsində Rus Pravoslav Kilsəsi ilə bərabər Kremlin ideoloqu Duqinin də rolu var.

Böyük Geosiyasətdən danışanda Rusiya-Türkiyə münasibətlərinə toxunmamaq olmaz. Çünki Rusiya Bizansın dini-mənəvi varisidirsə, Türkiyə onun maddi irsinin, torpaqlarının varisidir və bu, iki ölkəni birləşdirir. Putinin Rus Pravoslav Kilsəsinin tövsiyələrinə və həm də ümumiyyətlə, Rus sivilizasiyasına önəm verdiyini, Ərdoğanın isə Osmanlı irsinə sahib çıxdıgını gördükdə, onların katolik Qərb qarşısında həm də pravoslav Bizansın mənəvi və maddi varisi kimi birgə dayandıqlarını görmək olar. Bu mənada, Putin slavyan-pravoslav, Ərdoğan isə islam-bizans sivilizasiyasının katolik sivilizasiyası ilə toqquşmasının simvollarıdırlar. Lakin ikibaşlı bizans qartalı ilə ay ulduzun ittifaqının nə qədər davam edəcəyini demək çətindir.

Putin I Nikolayın Krım müharibəsi ərəfəsində etdiyi kimi bütün pravoslav xristianların himayəçisi kimi çıxış etmək istəyir. Ərdoğan islam dünyasının lideri və himayəçisi rolunu öz üzərinə götürmək niyyətindədir. Putinin Cənubi Osetiya, Krım məsələlərindəki mövqeyi məhz buna əsaslanırdı: Rusiya sərhədlərindən kənarda yaşayan pravoslavların hüquqlarının müdafiəsi. Ərdoğanın Qüds və Yaxın Şərq məsələsindəki mövqeyi də oxşardır: islam dünyasını birləşdirmək. Putin və Ərdoğanın siyasəti pravoslavlıq və islamın geosiyasi cəhətdən yaxınlaşmasına da təsir göstərib.

Putin də əksər ruslar kimi Rusiyanın bir zamanlar Bizansla müqayisədə barbar olan Avropadan daha üstün olduğunu düşünür. Əgər müdafiə sənayesini həm də mülki sənayeyə transfer edə bilsə, Rusiya sürətlə inkişaf edəcək. Bu, Putinin ən böyük xidmətlərindən biri olacaq. Bir tərəfdən Bizansın varisi olmaqla öyünən Putin Rusiyası digər tərəfdən də Antarktika üzərində hüquqlarını bərqərar etməyə çalışır. Krımı həm də 1030 il əvvəl Vladimirin xristianlığı qəbul etdiyi torpaq, Dnepri minlərlə insanın vəftiz olunduğu müqəddəs çay kimi görən Putin, təbii ki, bizans mədəniyyətinin Avroatlantik sistemə, katolik sivilizasiyasına daxil edilməsinə göz yuma bilməzdi.

Putin öz siyasi, ideoloji baxışlarına görə Rus Pravoslav ideologiyasını həyata keçirən və geosiyasi strategiyasını bunun üzərində quran siyasətçidir. O, min ildən bəri formalaşan rus-slavyan-pravoslav cəmiyyətinin siyasi sifarişidir. Rus xalqı isə Böyük Vladimirdən Vladimir Putinə qədər belə bir lideri sevib və qəbul edib. Qədim Rusu xristian aləminə qəbul etdirən Vladimir kimi bugünkü Vladimir Putin də müasir dünyaya Rusu qəbul etdirmək üçün çalışır.

Nəzakət Məmmədova

AzVision.az üçün


Teqlər: Putin   Rusiya   Geosiyasət  





Xəbər lenti