Qərbin iki üzü: Niyə Avropa yumşaq, ABŞ isə sərt siyasət yürüdür? – TƏHLİL

Qərbin iki üzü: Niyə Avropa yumşaq, ABŞ isə sərt siyasət yürüdür? – TƏHLİL
  09 Aprel 2018    Oxunub:5735
Qərb sivilizasiyasında dövlətlərarası münasibətlərdə gücdən istifadəyə münasibət birmənalı deyil. ABŞ və Avropanın yollarının haçalandığı ən mühüm məsələ də elə gücün tətbiqi və onun səmərəliliyinə olan münasibətdəki fərqlərdir. Avropa gücdən istifadəyə ikrahla yanaşır və əməkdaşlığın hökm sürə biləcəyi bir aləmdə onu lazımsız hesab edir. Bu, Kantın “əbədi sülh” konsepsiyasının hakim olduğu bir cəmiyyətdir.
Birləşmiş Ştatlar isə əksinə, Hobbsun anarxik cəmiyyətini daha məqsədəuyğun hesab edir. Burada beynəlxalq hüquq normalarına bir o qədər də bel bağlamaq olmaz və əsl təhlükəsizlik əvvəlki kimi hərbi qüdrətə malik olmaq və onu tətbiq etməkdən asılıdır.

Avropa intellektualları avropalıların və amerikalıların ümumi strateji mədəniyyətinin olmaması fikrində yekdildirlər. Onların fikrincə, avropalılardan fərqli olaraq, ABŞ güc tətbiqinə çox həvəs göstərir və diplomatik cəhdlərə az meyllidir. Amerikalıların gözündə dünya Xeyrə və Şərə ayrılırsa, avropalıların baxışı fərqlidir. Real və ya potensial rəqiblərlə qarşılaşdıqda amerikalılar bir qayda olaraq inandırmağa yox, məcbur etməyə, sanksiyalara, yəni “kökə”yə deyil, “qamçı”ya üstünlük verirlər. Beynəlxalq məsələlərin həllində amerikalılar bütün problemləri dərhal həll etmək istəyirlər. Onlar beynəlxalq siyasətdə unilateralizmi, yəni təkbaşına hərəkət etməyi üstün tuturlar. ABŞ BMT kimi bütün dünya dövlətlərinin təmsil olunduğu təşkilatlarla getdikcə daha az hesablaşır, ümumu məqsədlərə çatmaq yolunda başqa ölkələrlə daha az əməkdaşlıq edir, beynəlxalq hüquqa getdikcə daha çox skeptikcəsinə yanaşır və lazım gələndə həvəslə ondan kənara çıxır.

Avropalılar iddia edirlər ki, problemlərin həllinə onların yanaşma tərzi daha mürəkkəb və nüanslarla zəngindir. Amerikalılardan fərqli olaraq, onlar diplomatik uğursuzluğa düçar olduqda buna dözümlə yanaşırlar. Onlar adətən problemlərin sülh yolu ilə həllinə meyillidirlər və diplomatiyanı, danışıqları, inandırmanı məcburetmədən üstün tuturlar. Konfliktlərin həlli zamanı onlar beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara və ictimai rəyə tez-tez istinad edirlər. Onlar iqtisadi və ticarət əlaqələrindən dövlətlərarası münasibətləri möhkəmləndirmək üçün istifadə etməyə çalışırlar.

Avropa Birliyinin Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlığı genişləndirmək, Ermənistanı regional layihələrə cəlb etmək və kommunikasiyaları bərpa etmək vasitəsilə regional əməkdaşlığın genişlənməsinə nail olmaq və bunun nəticəsində Qarabağ münaqişəsini həll etmək planları buna misal ola bilər. Azərbaycandan, eləcə də Türkiyədən Ermənistanla iqtisadi əməkdaşlığa başlamaq tələb olunur. Avropalılar belə hesab edirlər ki, iqtisadi və ticarət əməkdaşlığı nəticəsində siyasi barışığa da nail olmaq mümkündür. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra keçmiş düşmənlər olan Fransa ilə Almaniyanın arasında Kömür və Polad Birliyinin yaranması nəticəsində düşmənçiliyin aradan qaldırılması buna nümumə olaraq göstərilir.

Lakin xatırlamaq yerinə düşərdi ki, İkinci Dünya müharibəsindən sonra müharibənin səbəbkarı Almaniya 1945-ci ildə qalib dövlətlər arasında dörd işğal zonasına bölünmüş və yalnız işğalçı dövlət cəzalandırıldıqdan sonra, 1954-cü ildə onunla iqtisadi münasibətlər qurulmuşdur. Hazırkı status-quo, yəni Azərbaycan ərazisinin 20%-nin Ermənistanın işğalı altında olduğu bir şəraitində işğalçı ilə iqtisadi münasibətlərdən danışmaq yersizdir. SSRİ, ABŞ və Böyük Britaniyanın işğalçı Almaniya ilə iqtisadi-ticarət münasibətlərini təsəvvür etmək qədər.

İkinci Dünya müharibəsi Avropa dövlətlərinin supergüc kimi beynəlxalq münasibətlərdəki rolunu məhdudlaşdırdı və onların Asiya, Afrika və Yaxın Şərqdəki müstəmləkələrinin itirilməsinə səbəb oldu. Bu, bəlkə də tarixdə ən genişmiqyaslı güc itkisi idi. Lakin Soyuq müharibə dövründəki unikal geopolitik şərait sayəsində Avropanın zəifliyi nəzərə çarpmırdı. Kommunizm və demokratik kapitalizm arasındakı qlobal mübarizədə mərkəzi strateji arenada yer tutan Avropanın həyati əhəmiyyətli strateji missiyası öz ərazisini heç olmasa amerikalılar gələnədək mümkün sovet təcavüzündən qorumaq idi. Avropa öz mərkəzi strateji rolunu Soyuq müharibənin sona yetməsilə itirdi. 90-cı illərdəki Balkan müharibəsi Avropa qitəsinin strateji və NATO-nun həyati əhəmiyyətli aktuallığı məsələsini yenidən gündəmə gətirdi. NATO-nun Soyuq müharibə dövründə Varşava Müqaviləsi Təşkilatına üzv olmuş ölkələrin hesabına genişlənməsi Avropaya siyasi səhnədəki yerini qoruyub saxlamağa kömək etdi.

Çoxları ümid edirlər ki, Maastrixt sazişi nəticəsində vahid siyasi və iqtisadi məkanın yaradılması yeni siyasi formada Avropanın keçmiş qüdrətini bərpa edəcək. Avropa təkcə siyasi və iqtisadi baxımdan deyil, həm də hərbi baxımdan fövqəlgüc olmalı idi. Gözlənilirdi ki, o, öz ərazisindəki Balkan münaqişəsi kimi böhranları yoluna qoyaraq, yeni qlobal faktora çevriləcək.

1990-cı illərdə avropalılar əminliklə iddia edirdilər ki, vahid Avropanın qüdrəti nəhayət ki, çoxqütblü dünyanı bərpa etməyə imkan verəcək. Belə bir iddia irəli sürülürdü ki, Avropa İttifaqının meydana çıxması Amerikanın hegemonluğuna ümumdünya reaksiyasının ən mühüm faktoru olacaq və XXI əsrdə real çoxqütblülüyü təmin edəcək.

Lakin tezliklə avropalıların iddiaları və amerikalıların təşvişinin əsassız olduğu aydınlaşdı. Balkan münaqişəsi və Kosovo böhranı hərbi texnologiyalar və müasir müharibələrin aparılması sahəsində Avropanın ABŞ-dan xeyli geri qaldığını nümayiş etdirdi. Ən yaxşı halda Avropanın rolu ABŞ-ın təkbaşına hərbi əməliyyatların əsas fazasını keçərək vəziyyəti sabitləşdirdikdən sonra sülhyaratma qüvvələrini formalaşdırmaqla məhdudlaşdırdı. Bəzi avropalılar özləri rişxəndlə deyirlər ki, ABŞ-la Avropanın real əmək bölgüsü bu cürdür: ABŞ “nahar hazırlayır”, avropalılar isə “qabları yuyurlar”.

Lakin burada əsas problem gücün kimi əlində olmasındadır. XVIII-XIX əsrlərdə Fransa, Britaniya, Rusiya kimi nəhənglər ABŞ-a qarşı güc tətbiqi siyasəti yürüdəndə ABŞ dövlət xadimləri ticarətin üstünlüyündən danışaraq, beynəlxalq hüquqa və beynəlxalq ictimai rəyə üstünlük verməyə çağırırdılar. ABŞ açıq dənizlərdə beynəlxalq hüququn tətbiq edilməsinin tərəfdarı olan zaman “dənizlər hökmdarı” Britaniya buna qarşı çıxırdı. Anarxiya aləmində zəif dövlətlər qurbanlıq olmaqdan qorxurlar, böyük dövlətlər isə əksinə, əl-qollarını bağlayan qanunlardan çəkinirlər. 200 il keçdikdən sonra dünyada qüvvələr balansı kəskin dəyişib. İndi ABŞ özünü güclü dövlətin aparmalı olduğu şəkildə aparır, Avropa ölkələri isə qüvvətli olduğu vaxtlarda gücə və hərbi şöhrətə inanırdılar, amma bu gün dünyaya daha zəif dövlət gözü ilə baxırlar.

Təbii ki, bu cür ziddiyyətli mövqelər (güc və zəiflik) fərqli strateji yanaşmalar, təhlükələrin fərqli qiymətləndirilməsi və onlara fərqli reaksiyalar vermək zərurəti doğurub. Təhlükələrə cavab verməyə qadir olmamaq təkcə onlara dözümlə yanaşmaq deyil, bəzən də təhlükələrin mövcudluğunu inkar etmək məsələsini aktuallaşdırır. Amerika siyasətçiləri “təhlükə” anlayışının nədən ibarət olması məsələsində avropalı həmkarlarından fərqli düşünürlər. Amerikalılar kütləvi qırğın silahlarının yayılması, terrorçuluq, “şər dövlətləri” kimi “xaricdən” gələn təhlükələrə diqqət yetirdikləri halda, avropalıları etnik münaqişələr, mütəşəkkil cinayətkarlıq, miqrasiya, yoxsulluq, ətraf mühitin çirklənməsi məsələləri daha çox narahat edir. Amma onların məsələlərə münasibətlərinin kökündə mədəniyyət və fəlsəfənin yox, imkanların fərqliliyi durur. Avropalıları daha çox o məsələlər narahat edir ki, bunu siyasi metodlar və çoxlu miqdarda pul sərf etməklə həll edə bilərlər. Bir sözlə, avropalılar diqqətlərini o problemlərə yönəldirlər ki, onu Avropanın güclü tərəflərindən istifadə edərək, tənzimləyə bilərlər.

Son yarım əsrdə ABŞ-dan fərqli olaraq, Avropada İkinci Dünya müharibəsindən sonra toplanmış nadir tarixi təcrübə nəticəsində beynəlxalq münasibətlərdə güc faktoru və güc tətbiqi məsələsinə fərqli baxış formalaşıb. Avropa strateji mədəniyyətinin fərqləndirici cizgilərinə bir daha nəzər salaq: danışqlara, diplomatiyaya və kommersiya əlaqələrinə üstünlük verilməsi, güc tətbiqi əvəzinə, beynəlxalq hüquqa istinad olunması, məcburetmə əvəzinə inandırma, unilateralizm əvəzinə multilateralizm.

Avropalılar Hobbsun “anarxik” dünyasından Kantın “əbədi sülh” aləminə qədəm qoyublar. Diplomatiya, tolerantlıq, iqtisadi əlaqələrin möhkəmlənməsi, siyasi əməkdaşlıq, sanksiyalar əvəzinə şirnikləndirmə, müvəffəqiyyət naminə ambisiyalardan imtina etmək – Fransa və Almaniyanı yaxınlaşdıraraq, sonrakı Avropa inteqrasiyasına təkan vermiş bu amillər bugünkü Avropanı öz missiyasını gücə malik olmaqla əlaqələndirmək fikrindən uzaqlaşdırıb. Bir çox avropalılar iddia edirlər ki, onlar dünyaya güc yox, onun dəf olunmasını təklif edə bilərlər. Artıq Avropada hüquq normaları kobud güc oyununu əvəz edib və güc siyasəti öz əhəmiyyətini itirib. Avropa inteqrasiyasının nailiyyətləri bütün dünyaya sülhün təmin edilməsinin yeni vasitələrinin yaradılması imkanlarını nümayiş etdirir.



Nəzakət Məmmədova
AzVision.az



Teqlər: ABŞ   Avropa   Geosiyasət  





Xəbər lenti