`Azərbaycanda korrupsiya olmamalıdır`

`Azərbaycanda korrupsiya olmamalıdır`
  08 Oktyabr 2013    Oxunub:1438
`Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi olmalıdır. Bu sahədə deyə bilərəm ki, yaxşı nəticələrimiz vardır`.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı yekun nitqində deyib.

Bu sosial bəlanı biz aradan götürməliyik: `Korrupsiya sosial-ədalət prinsiplərini pozur, cəmiyyətin uğurlu inkişafını əngəlləyir. Cəmiyyətin səyləri, dövlət siyasəti sayəsində biz korrupsiyaya qarşı daha da ciddi mübarizə aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə Azərbaycan bu göstəriciyə görə də dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır`.

Dövlət başçısı əlavə edib ki, korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün əsas şərt siyasi iradənin mövcudluğudur və siyasi iradə vardır. Bizim qəbul etdiyimiz qərarlar, qanunvericilikdə əldə edilmiş irəliləyiş, yeni qanunların qəbul edilməsi və elektron xidmətlərin inkişafı, sistem xarakterli tədbirlər artıq hesab edirəm ki, bu sahədə ciddi dönüşün yaranmasına gətirib çıxarıb. Korrupsiya indeksini təhlil edən beynəlxalq qurumlar da Azərbaycanda keçirilən sorğularda cəmiyyətdə bu məsələyə bağlı münasibəti öyrənərək yəqin ediblər ki, korrupsiyaya qarşı mübarizə məsələlərində dövlətin siyasəti cəmiyyətdə dəstəklənir, təqdirlə qarşılanır. Bu, əminəm ki, gələcəkdə də belə olacaqdır. Çünki bizim siyasi iradəmiz çox güclüdür. Cəmiyyətdə də korrupsiyaya qarşı mübarizədə çox güclü meyllər vardır. Elə etməliyik ki, Azərbaycan qeyd etdiyim kimi, bu sahədə də qabaqcıl ölkələrin sırasında olsun:

"Son illərdə Azərbaycanda və ümumiyyətlə, dünyada elektron xidmətlərin inkişafı bizə böyük dəstəkdir və biz Azərbaycanda ən mütərəqqi təcrübəni tətbiq edirik. İnkişaf etmiş ölkələrdə olan təcrübə təqdirəlayiqdir. Biz o təcrübəni Azərbaycanda tətbiq etməliyik. Eyni zamanda, biz bu sahədə öz təşəbbüslərimizi də irəli sürürük. "ASAN xidmət"in yaranması və qısa müddət ərzində cəmiyyətdə böyük rəğbət qazanması bizim siyasi iradəmizin təzahürüdür, eyni zamanda, Azərbaycanın bu sahədə innovasiyalara nə qədər hazır olduğunu göstərir. Cəmi doqquz ay ərzində beş yüz mindən artıq vətəndaş "ASAN xidmət"ə müraciət edib. Növbəti illərdə hər bir bölgədə "ASAN xidmət" yaradılacaqdır. Hələ ki, biz səyyar xidmətlər göstəririk. Ancaq gələn ilin investisiya xərcləri arasında hər bir bölgədə ən azı bir "ASAN xidmət" mərkəzi yaradılmalıdır ki, biz insanlara bölgələrdə də mütəmadi qaydada xidmət göstərək.

İclasda çıxış edən Prezident İlham Əliyev Qarabağ məsələsinə toxunub. Prezident deyib ki, regional vəziyyətlə, regionda baş verən hadisələrlə bağlı Azərbaycanın çox ciddi mövqeyi, müstəqil yanaşması vardır: "Biz daim müstəqil mövqe nümayiş etdiririk. Bizim mövqeyimiz beynəlxalq hüquqa, ədalətə söykənir. Bu yanaşma deyə bilərəm ki, dünyada da dostlarımızın sayını artırır. Son hadisələr bir daha onu göstərdi ki, Ermənistan öz hesabına yaşaya bilmir, asılı vəziyyətdədir. Artıq Ermənistanın yüksək vəzifəli şəxsləri də etiraf etməyə məcbur olmuşlar ki, Ermənistan öz təhlükəsizliyini özü təmin edə bilmir. Bu, əslində iflasın etirafıdır. Bu, əslində məğlubiyyətin etirafıdır. Çünki əgər bir ölkə 22 ildir müstəqil ölkə kimi özünü təqdim etməyə çalışır, etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, o ölkə müstəqil ölkə kimi yaşaya bilməz. Sadəcə olaraq, buna vaxt lazımdır və əminəm ki, regionda gedən proseslər, güclənən Azərbaycan, tamamilə dəyişən güclər nisbəti bizi məqsədimizə çatdıracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Mənim şübhəm yoxdur ki, belə də olacaqdır. Sadəcə, biz siyasətimizi bundan sonra da davam etdirməliyik. Bizim siyasətimiz həm tarixi ədalətə söykənir, eyni zamanda beynəlxalq hüquq normaları da bizim mövqeyimizi müdafiə edir".

Dövlət başçısı deyib ki, iqtisadi sahədə Azərbaycan Ermənistandan ən azı 10 dəfə güclüdür: "Hərbi sahədə də üstünlüyü əldə edə bilmişik. Sadəcə olaraq, geosiyasi vəziyyət və bölgədə gedən proseslər hələ ki, bizi sülh danışıqlarına sövq edir. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır və Ermənistan çox ciddi təhlil apararaq, real vəziyyəti dərk edərək ona aid olmayan torpaqlardan çəkiləcək və beləliklə, qan tökülmədən Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Ancaq biz onu da bilirik ki, dünyada beynəlxalq hüquq normaları bir çox hallarda kobudcasına pozulur, onlara məhəl qoyulmur, ikili standartlar mövcuddur. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri saatlar içərisində icra edilir. Bizim məsələdə isə 20 ildən artıqdır ki, bu qətnamələr qəbul edilib, amma icra edilmir və heç kim də Ermənistanı məcbur etmir ki, o qətnamələr icra edilsin. Burada əlbəttə ki, biz yenə də ikili standartlarla üzləşirik. Artıq bu, sirr deyildir. Bizim üçün çoxdan sirr deyildir. Əminəm ki, Azərbaycan xalqı da bu məsələləri yaxşı dərk edir və anlayır ki, ikili standartlar, bəzi hallarda Azərbaycana qərəzli münasibət, Ermənistana əsassız xoş münasibət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində ən böyük əngəldir. Ancaq biz öz səylərimizi davam etdirəcəyik. Biz daha da güclü olmalıyıq. Həm diplomatiyada, siyasətdə, iqtisadi, regional təşəbbüslərdə biz Ermənistanı bundan sonra da təcrid vəziyyətində saxlamalıyıq və saxlayacağıq. Ermənistanda depopulyasiya sürətlə baş alıb gedir. Hər il 80-90 min əhali azalır və belə getsə 5-10 ildən sonra bir milyondan az əhali olacaqdır və demoqrafiya özü bir çox məsələləri həll edəcəkdir".

İlham Əliyev vurğulayıb ki, Azərbaycanda isə demoqrafik vəziyyət çox müsbətdir: "Əhali artır. Özü də əhalimizin əksəriyyəti gənclərdir, çox fəaldırlar. Beləliklə, münaqişənin həlli qaçılmazdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, işğal edilmiş digər torpaqlarda Azərbaycan bayrağı qaldırılacaqdır.
Əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, azərbaycanlılar nəinki işğal edilmiş torpaqlarda, bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bu, bizim suveren hüququmuzdur. Soydaşlarımız nəinki Dağlıq Qarabağdan, tarixi torpağımız olan İrəvandan, Zəngəzurdan, Göyçədən də zorla çıxarılıbdır, deportasiya edilibdir, 1940-1950-ci illərdə, ondan sonra 1980-ci illərdə. Bu, böyük ədalətsizlikdir. Biz o torpaqlara da qayıdacağıq, mütləq qayıdacağıq. Gənc nəsil o arzularla, o fikirlərlə yaşamalıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Ümumiyyətlə, xalqımıza məxsus olan bütün tarixi torpaqlarımızda azərbaycanlılar yaşayacaqlar, yaşamalıdırlar. Bunu etmək üçün biz indidən öz siyasətimizi aparırıq.
Ona görə regionda gedən proseslərdə güclənən Azərbaycan artıq beynəlxalq amilə çevrilibdir. Ümid edirəm ki, bu, Ermənistan rəhbərliyinə çox ciddi siqnal olacaqdır ki, münaqişənin tezliklə həlli, o cümlədən onların da xeyrinədir".

Qalereya




Teqlər:  





Xəbər lenti