Xoşboğazlar sürüsü – Murad Köhnəqala yazır

Xoşboğazlar sürüsü – Murad Köhnəqala yazır
  16 Avqust 2018    Oxunub:4332
Sovet vaxtı belə bir qanun vardı: Azərbaycan Respublikasından kənarda təhsil alıb, ölkəyə qayıdanları dövlət gənc mütəxəssis kimi mənzillə təmin edirdi. Mən də 1990-cı ildə təhsilimi bitirib, Bakıya qayıtdım. SSRİ Yazıçılar İttifaqının nəzdində olan Moskva Ədəbiyyat İnstitutunu məndən əvvəl bitirib, ölkəyə dönən yazıçı dostların hamısı mənzillə təmin olunmuşdu. Bəs, mən niyə təmin olunmadım?
O dövrlər SSRİ-nin hər yerində olduğu kimi, Azərbaycanda da iqtisadi-siyasi xaos hökm sürür, iri-xırda inqilablar baş verirdi. 1988-ci ildən başlayaraq, Ermənistandan sürgün olunan soydaşlarımız Azərbaycanın müxtəlif yerlərində, eləcə də, Bakıda məskunlaşırdılar.

Bu birinci sürgünlük dövrü başa çatdıqdan sonra ikinci sürgünlük dövrü başlandı və Dağlıq Qarabağ əhalisi öz yurdlarından didərgin salındılar. Bakıya köç edən qaçqın ailələri Azərbaycandan gedən rusların, ermənilərin evlərində, müxtəlif yataqxanalarda, uşaq baxçalarında, pioner düşərgələrində, pansionatlarda və bu kimi məkanlarda yerləşdirilirdi. Belə qarışıq, kədərli və həssas bir zamanda gənc mütəxəssis kimi mənə düşən mənzili tələb eləməyi özümə sığışdırmadım. Yaxın dostlar təkid etsələr də, heç yerə sənəd təqdim etmədim.

Subay adam idim, kirayə evlərdə yaşamaq o qədər də ağır gəlmirdi, hər şeyin tezliklə yaxşı olacağını düşünürdüm.

Həmin illərdən bir epizod da danışım. Sovetin tədricən dağılan vaxtları Azərbaycan Yazıçılar Birliyində ev növbəsi zəif də olsa, qüvvədə qalırdı. Uzun illər ev növbəsində dayanmış, məndən yaşlı nəslin nümayəndələri şair Əlisəmid Kür və Tofiq Qaraqayaya mənzil verilmişdi. Hər biri dördotaqlı mənzillə təmin olunsa da, yeni mənzillərinə köçə bilmirdilər. Evlərin orderi şairlərin adına ola-ola həmin mənzillərdə Şuşadan gələn qaçqın ailələri yerləşmişdi.

Beləcə, hər iki şair təxminən altı ilə yaxın kirayələrdə yaşadı. Mərhum prezidentimiz Heydər Əliyevin gənc yazıçılarla görüşü zamanı şairlərin ev problemini o tədbirdə Rüstəm Behrudi və Səyyad Aran xatırlatmışdı. Həmin görüşdən sonra prezident Heydər Əliyevin sərəncamı ilə şairlər şəhərin başqa yerində yeni mənzillə təmin olundular.

Qayıdaq bayaqkı 1990-cı ilə. Mən mərhum alim, türkoloq Aydın Məmmədovun rəhbərlik elədiyi Tərcümə Mərkəzində elmi redaktor kimi azmaaşlı bir işə başladım. Respublikanın təzəcə qalxınmasını nəzərə alaraq maddi çətinlikləri anlaşıqla qarşılayır, normal maaş davasına qalxmaqdan uzaq idik. Hamı bilir ki, qət etdiyimiz bu zaman kəsiyində heç bir yazıçı kitab satışından, yaxud qonorardan pul toplayıb ev ala bilməzdi.

Bu qədər zaman keçdikdən sonra, ötən il jurnalistlərə verilən mənzil üçün prezidentə müraciət ünvanladığımı müsahibələrimin birində demişdim. Həmin müsahibədən sonra qəzetlərdən birinin bir qadın əməkdaşı haqqımda məqalə yazıb, təxminən, “ölkədə kimə mənzil verilir-verilsin, bircə Murad Köhnəqalaya verilməsin!” iddiası ilə yazısını bitirmişdi. Həmkarın mənə qarşı olan bu yersiz kininə və hikkəsinə mat qalmışdım.

Məni təəcübləndirən həm də odur ki, mahiyyətindən asılı olmayaraq, harada ictimai mövqe bildirirəmsə, dərhal hansısa kolluqda gizlənən bir dəstə “siyasitəkərqaraldan” baş qaldıraraq, fikrimin təmənnalı olduğunu, guya bu sözümü mənzil almaq üçün səsləndirdiyimi xorla təkrarlayırlar.

Bir vaxt Əkrəm Əylisli Azərbaycan xalqını ermənilərin qarşısında aşağılayıb, təhqir edən əsər yazanda ona sərt reaksiya vermişdim. Dərhal haqqımda şər-böhtan yazanlar dəstəsi peyda oldu və guya Əkrəmi ev almaq üçün tənqid etdiyimi yazdılar. Həmin iftiraları yazanların başında isə başqa bir jurnalist həmkarım dururdu. Yeri gəlmişkən, dünən həmin jurnalist sosial şəbəkədə intihar edəcəyini yazıbmış. Sonra onun dostluğunda olanlar yazdılar ki, adam reanimasiyadadır. Bu gün həmin jurnalisti təsadüfən xəstəxananın çıxışında gördüm. Görüşdüm, qarşımdakı yarımcan olsa da, özümü saxlaya bilmədim, dedim: “Nolub əə, adam da ev almaq üçün intihara cəhd eləyər?” Nə demək istədiyimi bu dəfə lap dərindən anladı, heç nə deyə bilmədi, gücü yalnız xəstə üzündə xəcalətli bir təbəssüm yaratmağa çata bildi. Di, get!

Bu yaxınlarda yenə sosial şəbəkədə bildirdiyim şəxsi fikrimə görə həmin çeynənmiş cümlələri bir sürü adam təhqirqarışıq ünvanıma təkrar söylədi.

Maraqlıdır, bir olaya təmənnasız, qazanc məqsədi güdmədən fikir bildirmək olmazmı, yəni? Belə bir şey heçmi ağlınıza gəlmir? Belə çıxır ki, haqqımda xoşboğazlıq edənlərin özləri həmişə öz burnunun ucu üçün danışıb, ictimai məsələlərə isə ancaq şəxsi maraqları naminə qarışıblar.

Murad Köhnəqala


Teqlər:





Xəbər lenti