Bakıda narkotikaya görə tutulan ilk adam - Kriminal keçmiş

Bakıda narkotikaya görə tutulan ilk adam -  Kriminal keçmiş
  16 Avqust 2018    Oxunub:17509
Bəhram Çələbi
AzVision.az üçün

Ağakərim kişini (Brilyant Ağakərim) Azərbaycan kriminalitetinin canlı ensiklopediyası da adlandırmaq olar. Ömrünün səkkizinci onilliyini xırdalayan bu dünyagörmüş kişi ilə söhbət etdikcə, bugünədək adını eşitmədiyim neçə-neçə adamlar barədə maraqlı faktlarla tanış oluram. İnanıram ki, köhnə Bakının real mənzərələrini yaradan bu hadisələr sizlər üçün də maraqlı olacaq...
* * *

...Dağüstü parkın tikintisi başlamışdı. Bura at arabaları ilə daş, qum, sönməmiş əhəng daşıyırdılar. Qulamhüseyn kişi də həmin gün Çənbərəkənddəki anbardan qum aparırmış. İsti yay günlərindən biri olduğundan Qulamhüseyn kişi dikdirin başlanğıcındakı çaxır, pivə satılan qəlyanaltıda günəşin altında tərləmiş atı haylamışdı.

Tozlu, çala-çuxurlu yol buradan başlanıb, ta parka qədər qıvrıla-qıvrıla üzüyuxarı qalxırdı. Günün istisindən tərləmiş, taqətdən düşmüş at hər addımını atdıqca sarğısının əzələləri indicə partlayacaqmış kimi şişir, güc-bəla, çox çətinliklə irəliləyirdi. Arabanın arxa çarxı çalaya düşəndə at bir neçə dəfə güc versə də, yükünü irəli çəkə bilmədi.

O vaxt belə idi ki, camaat dəstə-dəstə gəlib parkın tikintisinə baxır, hündürdən lap ovuc içi kimi aydın görünən şəhərə tamaşa edirdi. Parka qalxan küçədən keçən adamlar ayaq saxlayıb maraqla tər-toza batmış atın hədər zəhmətinə baxmağa başladılar.

Qulamhüseyn arabanın yanında dayanaraq atı qamçılayır, heyvan qızarmış gözlərini bərəldərək dartınır, gah qabaq ayaqları qatlanaraq dizləri üstə düşür, bütün bədəni əsə-əsə sağrısına dəyən qamçı zərbəsinə etiraz əlaməti olaraq şıllaq atırdı. Kənarda tamaşaya durmuş kişilərdən biri yaxınlaşaraq, Qulamhüseynin qamçılayan qolunu tutmaq istəsə də, o, hirslə dirsəyini onun əlindən azad edib:
- Çəkil! - deyərək çığırdı. - Mal mənimdir özüm bilərəm!

Və sanki ətrafda toplaşanların acığına qumun üstündəki kürəyi qaparaq, var gücü ilə atın belinə zərbə vurdu. Heyvan dal ayaqlaı üstə yerə çökdü, lakin yenə sıçrayıb qalxaraq, dartındı. Tərli dərisi cızıldığından oradan tozlu yola qan sızmağa başladı. Qulamhüseyn kürəyi qalıdırıb bir də zərbə endirmək istərkən kimsə arxadan onu qucaqlayıb sürüdü, arabadan kənara çəkdi.

- Ay səni, murdar! Çəkil! - gözləri qızarmış Qulamhüseyn qolaylanıb, lopatka ilə qarşısında bığ yerləri təzəcə tərləmiş oğlanın üstünə yeriyəndə Qədir pişik cəldliyi ilə zərbədən svişib, onun sinəsinə kəllə vurdu. Qulamhüseyn səntirləyərək, bir neçə addım kənara getdi, ayağı çalaya düşdüyündən, yerə yıxıldı.

- Alə, məni vurursan? Sənin filan-filan şüdə,- söyə-söyə yerindən qalxan Qulamhüseynin sifətinə daha bir yumruq dəydi. Arabaçı ardı-arsı kəsilmədən söyüş söyür, Molla oğlu da hər söyüşünə onun ağzına tutarlı bir zərbə yapışdırırdı. İki milis işçisi, dörd nəfər də xalq drujinaçısı zor-bəla ilə onu aralayıb, Goburnat bağının yanındakı uçastkovuya aparanda atın döyülməsinin şahidi olan camaat hüquq mühafizəçilərinə hadisəni nə qədər anlatmağa çalışsalar da, Qədiri onların əlindən ala bilmədilər. Birinci dəfə onu o vaxtlar dəbdə olan 15 sutkalıq cəza ilə KPZ-yə salmışdılar…

Mollaoğlu Qədirin yanına bacısı gələrdi. Yeməyimizi qurtaranacan gözləyir, boş qazançanı götürən vaxtadək məzlum-məzlum qardaşına baxırdı. Hamımıza təskinlik verən sözlər deyir, biz də onun xətirini dünyalarcan istəyirdik. 53-cü ilini amnistiyasında çox dustaqları azadlığa buraxmışdılar. Onlardan biri də Qədir idi.

Bir gün eşitdim ki, bəs Qədirin bacısını öldürüblər və hadisə ilə balğı Qədiri axtarırlar. Üstündən iki gün keçmiş səs yayıldı ki, bəs Qədir könüllü olaraq milis şöbəsinə gedib, bacısını öldürdüyünü etiraf edib.

Hadisə belə olub: Qədir amnistiyaya düşəndən sonra evlərinə gəlir. Qonşuların, dostların onunla soyuq davrandığından hiss edir ki, vəziyyət başqadır. Qonşulardan kimsə onu xəbərdar edibmiş ki, bəs bacının iplərini yığışdır, yoxsa ayaqları sürüşüb lap arxa yıxıla bilər... Qədir bir həftə onu güdür, öyrənir, camaatın dediyndə həqiqət görüb, yeganə doğma adamını - bacısını qətlə yetirir. Çıxdığından cəmi bir ay sonra 10 il iş alaraq, Sibirə yatab olunur.

* * *

Elə həmin illər idi ki, Həmşəri İsbatın evindən 12 kilo nəşə tutmuşdular. Kimsə satıbmış İsbatı. Bir düjin milis işçisi evin altını üstünə çeviribmişlər. Milisin gombul kapitanı Sarkisov əyilib-qalxmaqdan yorulub, həyətdəki çarpayıya oturubmuş, hərdən də işçilərinə qışqırırımış ki, ara, qurtarın bazarı, çıxax gedax. O vaxtlar hamı Stalin kimi kitel, qalife şalvar, xrom çəkmə geyinərdi. Sarkisov çəkmələrinin toza bulaşdığını görüb, çarpayının altındakı cır-cındırdan bir parça götürüb, ayaqqablarını silmək istəyib. Cındırı əlinə götürəndə ovucuna xaki rəngdə nə isə yapışıb. Elə bilib ki, həyətdə çığır-bağır salan çılpaq uşaqların nəcisidir. Tfu-tfu-tfu... – deyib, əllərini iyləyəndə, görüb ki, ovucundan xoş ətir gəlir. Sən demə, İsbat kişi 12 kilo saqqız kimi nəşəni elə həyətin ortasındakı çarpayının altında, cır-cındırın içində saxlayırmış.

Faraon səsini çıxarmır. Milis serjant və starşinaları şöbəyə göndərib, İsbat kişidən xahiş edir ki, bir kupeçeski (xoruzpipiyi) çay dəmlətsin... İsbat da tələsik otaqda stol açdırır, yemək-içmək təşkil elətdirir. Kapitana nə qədər "mən ölüm" sıxırsa ki, gəlginən evə, onu çarpayıdan qaldra bilmir.
- Bura yaxşıdır, təmiz hava, həm də xoş ətir... İçərində nə var? Hər nə varsa, bu kravatın altındadır. On min ver, sakitcə çıxım gedim, - deyir kapitan.
- Alə, hayes, başuva at təpib, nədir? On mini dildə tələffüz eləmək asandır... Bir az aşağı düşginən…
Çox çək-çevirdən sonra kapitan 12 kilo nəşəni də qoltuğuna vurub, gedir. Bundan sonra İsbat kişini rahat qoymurlar yaşamağa. Hər gün istintaqa çağırırlar, o da deyir ki, bir illik zapasımdır, yavaş-yavaş çəkəcəyəm.
O vaxt nəşə çəkənlər üçün (hətta satanlar üçün də) maddə yox idi. Şəhəri nəşə ilə təmin eliyənlərdən biri həmşəri İsbat idi. Elə vaxtlar olurdu ki, Qroznıdan vurub, gətirdiyi iki ton kartofun altında 100-200 kilo nəşə də yerləşdirirdi. Bu malı çeçenlər Özbəkistandan, Qazaxıstandan Qroznıya yollayırdılar.

1954-cü ildə yeni bir maddə icad eləyib, nəşə çəkənləri də tutmağa başlayanda içəri aparılanlardan birincisi İsbat olur. Elə ilk məhkəmədə ona səkkiz il oxuyurlar.



Teqlər: Bənram-Çələbi   Kriminal-Bakı  





Xəbər lenti