Toya giriş - Murad Köhnəqala yazır

Toya giriş - Murad Köhnəqala yazır
  21 Sentyabr 2018    Oxunub:6134
Dünən bir dostumla çay içib, xeyli söhbətləşdik. Kimin kor qızından əskikik, biz də daxili və xarici siyasətdən danışdıq. Sonra soruşdum, kəndə getmisənmiş, yayı necə yola verdin? Sən demə, dostum kənd sərgüzəştlərini söyləməyə elə mənim kimi bir adam axtarırmış. Kepkasını başından çıxarıb stolun bir tərəfinə qoydu və söyləməyə başladı.
Dedi, qardaş, elmlər namizədi olandan bəri heç kəndə gedib anama dəyə bilməmişdim. Bu il birinin yerinə dissertasiya yazıb, bir az pul qazanmışdım. Nə isə, qatara bilet alıb, getdim kəndə. Anam kənddə kiçik qardaşımın ailəsi ilə birlikdə ata yurdumuzda yaşayır. Kiçik qardaşım Rusiyadadır, suvaq işi ilə məşğuldur, hərdən ailəsinə pul göndərə bilirdi, son vaxtlar işləri yaxşı getmədiyinə görə bir şey göndərə bilmir. Damın altında üç dənə də uşağı var.

Anama, gəlinə, uşaqlara - hərəsinə bir hədiyyə almışdım. Sevindilər. Baxdım ki, qardaşım uşaqları da xeyli böyüyüb, aldığım paltarlar əyinlərinə balaca oldu. Anam dedi ki, eybi yoxdu, qonşu uşaqlarına satıb, mağazaya olan borcumuzdan heç olmasa bir az ödəyərik. Dedim, ay ana, sən nə danışırsan, mağazaya nə qədər borcunuz var, hamısını özüm ödəyərəm.
Nə isə, onların mağazya olan borclarını ödədim.

Sonra anam dedi ki, yaxşı gəlib çıxmısan, deməzsənmi, bacın oğlu qonşu kənddən qız qaçırıb. Adətən, kasıb təbəqənin nümayəndələri qızqaçırtma metodu ilə evlənirlər ki, toy xərclərindən qaça bilsinlər. Xəbəri eşidəndə xeyli sevindim. Nə vaxt idi kənd toyunda olmurdum. Yenicə sevinmişdim, anam əlavə elədi: “Bu gün qızgilə barışıq üçün bir toğlu aparmaq lazımdır. Pulumuz da yox idi, tanrı səni yaxşı yetirib. Anası da mənə deyir, oğluma deyirəm, a kopayoğlu, əldə-ayaqda pul da yoxdur, nə qız qaçırdan çıxmışdın? Deyir, gədə mənə dedi ki, nağayrım, məni qız tələsdirdi, dedi, yoxsa başqasına qoşulub gedəcəm. İndi də gədə ayağını dirəyib ki, mənə yekə toy eləməlisiniz. Dədəsi də Rusiyadadır, qalmışdıq belə. Qız evi də gündə bir ismarış göndərir ki, harada qaldınız”.

Kəndin başına gedib, qoyun saxlayan bir kişidən yağlı bir toğlu aldıq. Toğlunu bacımgilə aparanda gördüm bütün qonum-qonşu bura yığılıb. Hamısının da ürəyindən keçən odur ki, toğlunun yanında qız evinə getsinlər. Bacım o qədər sevindi ki! “Ay qardaş, tanrı səni özü yetirib!”

Sən demə, toğlunun yanında ən azı beş dənə xonça da bəzədilib aparılmalıdır. Yaxın qonşular iki xonça düzəltmişdi. Daha üç xonça düzəltmək üçün bacım məndən bir xeyli pul aldı.

Sonra dedilər ki, bəs, bir az pomidor-xiyar bazarlığı da eləməliyik. Yenə məndən pul aldılar. İndi adamları maşınla qız evinə aparmaq, yəni pul verib beş dənə maşın tutmaq lazımdır. Hə, bir dənə də maşın zurnaçılara tutmaq gərəkdi, yol boyu çala-çala, yəni ifa eləyə-eləyə getməlidir. Zurnaçı da pulsuz gəlmir, əlbəttə.

Zurnaçılar həyətə girəndə qonşu ağsaqqal mənə yaxınlaşıb dedi ki, məllim, bunlara nəmər ver, qoy əvvəlcə bu həyətdə bir dınqıltı eləsinlər. Çıxardıb ağsaqqala 10 manat verdim ki, elə sən yaxşısan, özün ver, qoy çalsınlar. Ağsaqqal onluğu qarazurna çalanın kepkasının altına taxdı. Qarazurnanın səsi göylərə qalxdı, dəf gumbuldadı. Elə hamı buna bənd imiş, əllərində xonça arvadlar və kişilər oynamağa başladılar. Sanki qız evinin həyətində nə edəcəklərini burada məşq eləyirdilər.

Bacım oynaya-oynaya məni də ortalığa dəvət elədi. Bir az da mən oynadım. Zurnanın səsi ara verəndə dedim ki, ay bacı, axı, qız evinə barışığa gedəndə musiqi-filan olmamalıdır. Dedi, bacın qurban, elimizin adətidir, hamı necə eləyir, biz də elə eləməliyik, son mod belədir. Həm də, bacın qurban, bu övladlarımın ilk toyudur. Gördüm, bacım möhkəm kövrəlib, ta, xətrinə dəymədim. Cibimdəki pul bala-bala tükənirdi...

Maşınlara doluşub, bir az getmişdik ki, qabağımızı iki uşaq kəsdi: nəmər verməsəniz, yoldan çıxmayacağıq. Çıxarıb onlara 5 manat verdim. Dedilər, biz iki nəfərik, birini də verməlisən. Neynim, çıxarıb 5 manat da əlavə elədim.
Nə isə, yola düzəlib gedirik. Ürəyimdə fikirləşirəm ki, artıq mənim pulum qurtarır, hələ heç toya hazırlıq da görülməyib, uşağın da atası pul göndərə bilmir. Bəs, bu nə zırıltıdı, bacım toyu hansı pulla eləyəcək? İndi adama borc verən də yoxdur. Düzdür, rayondakı topdansatış mağazalar xeyrə-şərə nisyə mal verirlər. Bunun sonrası var axı, sabah borcu ödəmək lazımdı. Bəs, nəyçün kasıb öz başına bu qədər adət-ənənə corabı hörür?..

Beləcə söhbətləşirdik ki, dostumun telefonuna zəng gəldi. O, toy söhbətini yarımçıq qoyub telefonla danışmağa başladı. Dostum danışdıqca onun gərgin üzünə baxıb düşünürdüm, görəsən, elimizin adətləri üzrə bir toyun xərcini çıxartmaq üçün bu yazıq neçə adama dissertasiya yazmalıdı?

Murad Köhnəqala
AzVision.az üçün



Teqlər: Toy   toy-xərci  





Xəbər lenti