`Həyatdakı sevgim də kinodakı kimi uğursuz olub` - MÜSAHİBƏ

`Həyatdakı sevgim də kinodakı kimi uğursuz olub` - MÜSAHİBƏ
  29 Oktyabr 2013    Oxunub:4062
Aktyor Əjdər Həmidovu çoxlarınız “Kişi sözü” filmindəki `Qasım` obrazına görə tanıyırsınız. AzVision.az-a müsahibəsində o, bir sıra maraqlı mətləblərə toxundu.

Söhbətə isə buradan başladı ki, eyni suallara cavab verməkdən yorulub:


- Eyni şablon suallar olanda oxucu fikirləşir ki, müsahibin deyəcəyi başqa söz yoxdur. Həmişə eyni şeyləri təkrar edir. Daha fikirləşmirlər ki, jurnalistlərin hamsı eyni sualları verir deyə, cavablar da eyni olur. Bu da onların bizim yaradıcılığı az bilmələrindən irəli gəlir. Nə qədər bu suala cavab vermək olar ki, “sənətə necə gəlmisiniz? Yenidən doğulsaydınız, aktyor olardınızmı?..” Bunlar köhnəlmiş suallardır, vaxtı keçib.

- Maraqlıdır, Əjdər Həmidov hansı sualı eşitmək istərdi?
- İstər yaradıclıq, istərsə də həyat olsun, ürək doludur. Jurnalistin bacarığı lazımdır ki, onu oxucular üçün açıb töksün.

- “Kişi sözü” filmində Qasımın Solmaza böyük sevgisi var idi. Bəs həyatda necə, Əjdər Həmidov kimisə elə sevib?



- Elə böyük bir sevgi mənim həyatımda da olub. Amma kinodakı kimi, həyatdakı sevgimdə də bir uğursuzluq olub. Məhəbbətimiz filimdəki kimi nakam qurtardı. Çox gözəl bir xanımı 10 ilə yaxın sevdim. Amma bəxtimiz gətirmədi, evlənə bilmədik. Ona görə də mən həmişə deyirəm ki, Qasımla mənim həyatımda oxşarlıqlar çoxdur. Kinoda Solmaza qarşı keçirdiyim hissləri həyatda da keçirtmişəm. Sevmişəm, qarşılıqlı məni də seviblər. Bəlkə də 20 ildən çoxdur ki, mən həmin xanımı görmürəm.

- Həmin xanımı yenidən görmək istəyərsiniz?

- Əlbəttə, görmək istəyərdim. O, Moskvada yaşayır.

- Bizim millətdən deyil?

- Bizim millətdəndir. Sadəcə olaraq, o vaxtdan köçüb, Moskvaya gedib.

- Bəs uşaqların anası?

- Sonradan isə rəsmi ailə qurdum. İndi iki qız övladım, iki də nəvəm var. Qızlarımın ikisi də ali təhsillidir. Universitet bitiriblər. Müəllimədirlər, gimnaziyada dərs deyirlər.

`Kişi sözü` filminə çəkilməmişdən öncə bütün bunları yaşamışdım. Filmdə `Qasım` obrazını oynamaq üçün sevməyi bacarmalıydın. Yoxsa o rol alınmazdı. Filmin rejissoru Cahangir Mehdiyev dedi ki, `çalış Sənubəri həyatda sev`. Dedi, o hisslər səndə olmasa, rol alına bilməz. Obrazı quru, süni canlandırarsan. Cahangir müəllimə də elə o vaxtdan bildirdim ki, mənim həyatımda elə bir qadın olub. Artıq o hissləri yaşamışam. İndi mənim üçün Solmazı sevmək problem olmayacaq.
Əgər Qasım obrazını mən yox, başqa bir aktyor oynasa idi, o cür Qasım olmayacaqdı. Ola bilər ki, kimsə məndən də yaxşı oynasın. Amma mənimki kimi olmayacaqdı. Çünki orada gördüyünüz bütün xarakterlər mənim özümdə var. Məsələn, filmdə deyir ki, `tərs oğlu tərs, düş aşağı da...` Bir işin sonuna qədər getməyənəcən əl çəkmirəm. Gərək istədiyimi əldə edim, sonra dincəlim.

- Sevdiniz Solmazı?

- Solmazı sevdim. Amma müvəqqəti (gülür). Artıq filim də, rollarımız da arxivdə qaldı. Sənubər xanım bu teatrda (Akademik Milli Dram Teatrı) mənimlə bir yerdə işləyir. Amma onlar keçmişdə qalıb.

- Övladlarınız ailə həyatı qurubmu?

- Qızlarımın ikisi də ailəlidir. Birinci dəfədən ikisində də elçilik baş tutub. `Nəbi` kişidən fərqli olaraq, etiraz etməmişik. Kürəkənlərimdən çox razıyam. Bir qız, bir oğlan nəvəm var.

- Baba olmaq necə hissdir?

- Çox gözəl, dadlı, şirin, ləzzətli hislərdir. Mən elə təsəvvür etmirdim. Halbuki, övladlarımı o qədər sevməmişdim. Böyük nəvəm bir az mehribandır. Məni görəndə qabağıma qaçır, boynuma tullanır, qucaqlayır. Qız isə bir az şıltaq olur deyə, məni görən kimi gizlənir. Anası deyir, `baba gəlib də, gəl baban ilə görüş, axı səndən inciyər`. Uşaq nə desə yaxşıdır? Deyir, mən babanı ancaq Nabranda istəyirəm. Yəni onu Nabrana aparım.
Bir sözlə, nəvə çox şirin şeydir. Mənə elə gəlir ki, bundan sonra həyatımı onlara bağlamışam.

- Tamaşa zamanı ssenaridə olmayan hadisə başınıza gələndə vəziyyətdən necə çıxırsınız?



- Belə şeylər səhnədə daim olur. Məsələn, “Qürbətdən gələn məktublar” tamaşasında əlimdə olan çantanın ağzı açılmamalı idi. Gözlənilmədən onun ağzı açıldı. İndi çantanı bağlayıram, bağlanmır. Axı söz də deməliyəm... Eyni zamanda, tərəf müqabilim də gözləyir. Axır birtəhər bağladım, bir az keçdi, çantanın yenidən ağzı açıldı. Bununla da bütün səhnə pozuldu və mən həmin rolda səhnəni oyanaya bilmədim.

- Filimlərdə həmişə yaxşı rəqs edirsiniz. Həyatda necə?

- Yaxşı rəqs etməyi bacarıram. Tamaşalarda da bu rəqslərdən istifadə edirəm. Həmçinin əvəllər yaxşı futbol oynamağı da bacarırdım. İndi isə qocalmışam, piayada gəzməyə üstünlük verirəm. Hər gün dəniz qırağında gəzirəm. İstər yağış, qar, boran olsun, iki saat mütləq gəzməliyəm.

- Müsahibələrinizdən birində bildirmişdiniz ki, filmə baxanda , yol gedəndə çox fikirli olursunuz. Bir filmin televiziyada getməsini həftələrlə gözləyirsiniz. Amma filmə baxan zaman o qədər fikirli olursunuz ki, sanki heç nə görmədiniz.



- Bir də görürsən, o qədər fikirli oluram ki, kinonu beynimlə deyil, gözlərimlə izləyirəm. Çox fikir edən adamam. Həmişə beynim yüklü olur. İstər teatrda, istər evdə, küçədə, maşın sürəndə, hər yerdə fikirliyəm. Tutaq ki, maşın sürürəm, bir də baxıram ki, evə çatdım. Deyirəm, ilahi mən haçan bu yolları keçdim ki, gəlib evə çatdım. Gözüm yolu, insanları görür, sağ-salamat gəlib evə çatıram, amma beynim yüklü olur. Guya ki, filmə baxıram, bir də görürəm yazılıb ki, “filmin sonu”. Filmdə insanların ora- bura getdiyini izləyirəm, amma baxıram ki, o qədər fikirli olmuşam ki, sözlər, musiqi yadımda qalmayıb.

- Nəyin fikrini çəkirsiniz?

- Özümdən asılı deyil. Deyim ki, böyük problemlərim, dərdim yoxdur. Lap yaxşı da yaşayıram. Arzularıma da çatmışam. Həm kino da, həm də televizyada da varam. Prezident mükafatçısıyam. Sadəcə olaraq, fikirləşmək mənim qanımda, canımdadır. Fikirləşmək ilə ya istirahət edirəm, ya da dincəlirəm. Bu, məndən asılı deyil. Anam məni belə doğub da.
Aktyorun sevilməyi çox vaxt onun rolundan deyil, özündən, içindən gəlir. O, çox şirin, dadlı, ləzzətlidir deyə tamaşaçılar onu sevirlər. Rol oynamağına görə yox.

- Bildiyimə görə hərbi xidmətdə olarkən tank sürmüsünüz. Bu ağır hərbi texnikanı sürmək da çətindir, yoxsa illərlə ağır taleli insanların obrazını yaratmaq?

- Əlbəttə ki, insan obrazını yaratmaq daha çətindir. Hərdən bizə deyirlər ki, siz allahın işinə qarışırsınız. Yəni insanı ancaq allah yaradır da. Axı siz kimsiniz ki, səhnədə insan obrazı yaradırsınız?

- Hansı obrazlarınızdan xarakter oğurlamaq istərdiniz? Hansı ki, o xarakter sizə ləzzət edir, istərdiniz ki, sizdə də olsun?

- Kiməsə baxmaq, oxşamaq, nümunə götürmək - belə şeylər mən də yoxdur. Heç kimə oxşamıram, bu da mənim xarakterimdən irəli gəlir, mən təkəm.

Bu zaman Əjdər müəllimə zəng gəlir. Onu arayan şəxs anasının ona görə narahat olduğunu bildirir: “Mamaya denən sağ salamatdır, tearda işdədir. Narahat olmasın. Daha sonra bizə tərəf:

- Mən 90 yaşlı anamın 60 yaşında saqqalı uşağıyam. Hələ də anam mənə “balam” deyir, mənə indiyə kimi bayatılar qoşur. Gözləyir mən evə gəlim, sonra yatsın.

- Sizinlə söhbət etdikcə hiss edirəm ki , çox emosional və həssas insansınız...

- Məni ağlatmaq çox asandır. Hər şeyi duyuram, tez reaksiya verirəm. Bir adamı maşın vurubsa, mütləq özümü ora çatdıracağam. İnsanlara qarşı çox istiyəm. Biganəlik söhbəti yoxdur.

- Bəzən gülüş ustaları çox vaxt həyatda çox ciddi insanlar olurlar. Mən bunu tanınmış bir neçə aktyorun simasında deyə bilərəm…

- Tamaşaçılardan biri bir dəfə mənə dedi ki, “Əjdər müəllim, qəribədir, siz səhnədə güldürürsünüz, səhnədən düşən kimi o qədər ciddi olursnuz ki, adam sizdən qorxur”. Mən həyatda tamam başqa insanam. Bir nəfər gəlib desə ki, mənə lətifə danış, gülək, acığım tutar ki, bəyəm mən nəyəm sənin üçün? Kloun, ya meymun? Mən səhnədə aktyoram, həyatada yox. Həyatda sadəcə Əjdərəm. Amma insanları çox sevirəm.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti