Siyasət nefti nə qədər ucuzlaşdıra bilər? – TƏHLİL

 Siyasət nefti nə qədər ucuzlaşdıra bilər? –  TƏHLİL
  27 Noyabr 2018    Oxunub:26615
Neftin qiymətlərinin dəyişkən xarakter daşıması hər il kifayət qədər yaxşı sübuta yetsə də, buna nə dövlət və hökumətlər, nə müxtəlif beynəlxalq qurumlar, nə də ekspertlər səviyyəsində müvafiq adaptasiya yaranmayıb. Başqa sözlə desəm, bu sahədə nəinki 1 il, hətta 1 ay sonra da vəziyyətin necə olacağını proqnozlaşdırmaq mümkün olmadığı halda nədən bəzən hədsiz arxayınçılıq, hərdən isə ajiotaj yarandığı aydın deyil. Çünki neft bazarında qiymətləri təkcə iqtisadi amillərin müəyyən etmədiyi dəfələrlə sübuta yetib. Hətta orta səviyyəli neft hasilatçısı olan bir ölkənin hökumət nümayəndəsi sözügedən mövzuda kiçik bir bəyanat, yaxud, açıqlama verirsə, dərhal qiymətlərə təsir göstərir. Buna dair çoxlu faktlar mövcuddur. Ancaq təəssüf ki, dərs olmur.
Elə, ötən həftənin sonunda “Brent” markalı neftin qiymətinin 58 ABŞ dollarına qədər ucuzlaşması da eyni tendensiyanı nümayiş etdirdi. Yəni bununla əlaqədar yenə lazımsız ajiotaj ortaya çıxdı. Halbuki, son 3-4 il ərzində neft bazarında ümumiyyətlə, dayanıqlı sabitlik hökm sürməyib. Düzdür, keçən ildən, yəni 2017-ci ilin əvvəlindən ucuzlaşma dayandı, qiymətlər 50 dolların üstündə möhkəmləndi. Ancaq kim deyə bilərdi ki, neft 80 dollardan yuxarıya qalxacaq? Cari il ərzində bu da baş verdi. Keçən ayın, yəni oktyabr ayının əvvəlində... Və istər-istəməz, daha yüksək rəqəmlərin qeydə alınacağı haqda proqnozlar irəli sürülməyə başlandı. Yəni birdən-birə cəmi 1-2 il əvvəl baş verənlər unuduldu. Keçən cümə qiymətin 58 dollara düşməsi isə, bütün söylənilənləri alt-üst etdi və yenicə formalaşmış nikbinliyi kəskin bədbinliklə əvəz etdi.

Bəs, əslində, baş verənlər nəylə izah oluna olar? Neftin dünya bazar qiymətləri yenə kəskin ucuzlaşa bilərmi? Ümumiyyətlə, dünya bazarlarında bu sahədə vəziyyət necədir? Başqa sözlə, bizi nə gözləyir?

Bəli, qiymətlər ona görə endi ki, bazarda təklif tələbatdan çoxdur. Dəqiq desəm, “Brent” markalı neftin son 2 ayda birdən-birə 30% enməsi, yəni oktyabrın başlanğıcındakı son 4 ildəki maksimum səviyyə sayılan 1 barelə görə 86,74 dollar həddindən ötən cümə 58,41 dollaradək ucuzlaşması faktı məhz, bazarda təklifin artması nəticəsi idi. Ancaq sual olunur ki, 2 ay ərzində birdən-birənə nə baş verdi ki, təklif tələbi belə üstələdi?.. Səbəb və ya səbəbkar nə və ya kim oldu?

Səudiyyə Ərəbistanı oktyabrda sutkada 10,8-10,9 milyon barel neft hasil edib. Bu ay, yəni başa çatmaqda olan noyabr ərzində isə, hələ tam təsdiqlənməmiş məlumata görə, qeyd olunan rəqəm 11,1-11,3 milyon barelə yüksəlib. Hətta belə məlumatlar da var ki, Ər-Riyad bazarlara hasil etdiyindən əlavə olaraq da neft çıxarıb. Daxili və xarici ehtiyatları hesabına...

Halbuki, adı çəkilən ölkə öz baş müttəfiqi ABŞ tərəfindən bir müddət əvvəl açıq tənqid olunurdu. Hasilatı basqı altında saxladığına görə... Belə ki, yayda ABŞ prezidenti Donald Tramp bu barədə açıq narazılıq etmişdi. Və OPEC-i buna görə günahlandırmışdı. OPEC-də isə əsas söz sahibi Ər-Riyaddır. Sual yaranır ki, bəs, Səudiyyə tərəfi onda hasilatı niyə artırmırdı? Nə baş verdi birdən-birə?

Yeri gəlmişkən, o zaman yazmışdım ki, dünya neft bazarında qiymətlərə təsir imkanlarında rəqabət kəskinləşib və belə görünür ki, Vaşinqton əvvəlki tək diqtə imkanına malik deyil. Düzdür, qiymətlərin son ucuzlaşmasında ABŞ-da hasilatın artmasının, İrana sanksiyaların qüvvəyə minməsinin, Çin iqtisadiyyatında növbəti dəfə "axsam" düşməsinin, o cümlədən, Almaniyada və Avropa Birliyi ölkələrində iqtisadi artımın zəifləməsinin də rolu var. Lakin əsas səbəbkar Səudiyyə Ərəbistanıdır. Təsadüfi deyil ki, Tramp da son qiymət enişinə görə Ər-Riyada təşəkkür etdi.

Oktyabrın əvvəlində törədilən Kaşıkçı faciəsi, belə görünür, Ər-Riyadı yola gətirmək üçün, Vaşinqtonun əlində əla vasitəyə çevrilib. Ona görə də, təkrar qeyd edirəm ki, neft nə qədər ucuzlaşası olsa belə, əslində, sırf siyasi səbəbə görə 55 dollardan aşağı düşəsi deyil. Çünki bu, ən iri neft hasilatçısı olan ölkələrə də sərf etmir. Ola bilsin ki, müəyyən zaman çərçivəsində bunun şahidi olaq. Amma 2016-cı ilin əvvəlindəki kimi qiymətlərin hətta 40 dollardan da aşağı düşəcəyi inandırıcı deyil. Xatırladım ki, o vaxt həmin eniş çox qısa müddət ərzində davam etmişdi...

O ki qaldı Azərbaycanın büdcəsinə, növbəti ilin dövlət büdcəsində qiymətin 50 dollardan yuxarı götürülməsi riskdir. Düzdür, ölkəmiz üçün neftin dünya bazar qiymətlərinin hətta 40 dollaradək də düşməsi makroiqtisadi sabitlik üçün təhlükəli deyil. Ancaq, bundan aşağı düşərsə, o zaman təbii ki, manatın məzənnəsini saxlamaq mümkün olmayacaq. Belə bir ehtimal isə təkrar edirəm, yoxdur.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Neft  





Xəbər lenti