Bayraq adam

  09 Noyabr 2013    Oxunub : 665
Bayraq adam
Sahib Alıyev

Bu gün bayraq günüdür. Məndən soruşsalar ki, ən böyük adamı necə adlandırardın, cavabım “bayraq adam” olacaq. Və bu yazımda iki bayraq adamdan söhbət açmaq istəyirəm.
Onlardan biri bəlkə də heç olmayıb. Bayraq sevgisi aşılamaq və türk əsgərinin mətnliyini göstərmək məqsədilə yaradılmış obrazdır. Deyilir ki, Çanaqqala savaşı zamanı bir tabur mühasirəyə düşür və orada hamı şəhid olur. Sonda ancaq bir cavuş qalır. Və o da bir əlində türk bayrağı, digərində tüfəng axıradək vuruşur. Döyüş səngiyəndən sonra basdırmaq üçün cəsədləri yığmağa gələnlər görürlər ki, bir çavuş əlində bayraq arxası səngərə söykənik ölüb. Onlar nə qədər edirlər, çavuşun əlindən bayrağı qoparda bilmirlər. Bu haqda Mustafa paşaya xəbər çatanda o, gəlib əsgərin önündə hərbi təzim edərək deyir: “Əsgər, ver bayrağı, onu səndən mən almağa gəlmişəm”, bundan sonra həmin şəhidin əli açılır və bayrağı götürə bilirlər.

Bir daha vurğulayıram ki, bu, bəlkə də, bir obrazdır. Amma Qarabağ savaşı zamanı bizim bu çavuşa bənzər bir igidimiz olub. Bayrağımıza sevgisi, mətnliyilə bayraqlaşan bir igidimiz - İlqar Mehdiyev.

Cəbrayıllı İlqar Mehdiyev Qarabağ savaşında vuruşsa da, orada şəhid olmadı. Ağır yaralanaraq əsir düşdü, erməni əsrliyində bir neçə il qalandan sonra azad edildi və heç 2-3 ay keçməmiş rəhmətə getdi. Ermənilər onda sağ yer qoymamışdılar, o üzdən. Əslində o işgəncələri ki, İlqar görmüşdü, əsrlikdən dönməməliydi. Yəqin Tanrı onu qoruyub saxlayırdı. Müqəddəs bildiyi Azərbaycan bayrağına sarılaraq dəfn olunması üçün ölməyə qoymurdu. Yoxsa, əksər əsir düşən azərbaycanlılar kimi, o da erməni işgəncəsinə, aclıq və susuzluğa davam gətirməyərək orada ölə bilərdi.

Onunla əsirlikdə olan bir soydaşımızın dediyinə görə, İlqara digər azərbaycanlılardan daha çox işgəncə verirlərmiş. Səbəb isə onun Azərbaycan bayrağını hər şeydən uca tutmasıymış. İlqarla bir yerdə olmuş həmin soydaşımız danışırdı ki, günlərlə ac saxlanan əsirlərə ermənilər bir dəfə şərt qoyublar ki, onlar yan-yana basdırılmış Azərbaycan bayrağına tüpürüb, erməni bayrağını isə öpsünlər. Belə edənlərə bir parça çörək verəcəklərini və həmin gün döyməyəcəklərini deyiblərmiş. Çoxları dözməyərək ermənilərin istəklərini yerinə yetirib. Növbə İlqara çatanda o, erməni bayrağına tüpürüb, Azərbaycan bayrağını isə öpərək bağrına basıb və hönkür-hönkür ağlayıb. Bunu görən ermənilər İlqarı vəhşicəsinə təpikləyir, o isə bayrağımızı daha daha bərk sinəsinə sıxaraq hayqırırmış: “Kişi olun, adam da ölümdən qorxub öz bayrağına tüpürərmi?!!”

Mənim kimi erməni əsirliyi görməyən birinin bayrağımıza tüpürməyə vadar edilən soydaşlarımızı qınaması, bəlkə də, düzgün çıxmazdı. Bunu ancaq İlqar kimi onların arasında olan, erməni vəhşiliyinin bütün ağrı və acılarını yaşayan biri edə bilərdi və etdi də. Və bununla da göstərdi ki, hər bir dövlətin bayrağı olduğu kimi, bayraq adamları da var. Yəni həmişə ucalarda olacaq, hamının aşağıdan yuxarı baxacağı adamdır bayraq Adam. İlqar Mehdiyev də belə biri idi.

Maraqlıdır ki, bir nəfərdən başqa onunla əsrirlikdə olanlardan heç kim geri dönmədi. Əsirlikdə öldülər. O bir nəfəri də, görünür, İlqar kimi Tanrı qoruyub saxlamışdı. Ona görə qoruyub saxlamışdı ki, belə bir bayraq Adamımızın olmasından xəbər tutaq.

Unutmayın, bayraq Adamı olmayan millətin bayrağı ola bilməz. Bayrağı olmayan millətin isə dövləti. Heç təsadüfi deyil ki, dövlətimizin başçısı müqəddəs Quranı hər birimiz kimi ayaq üstdə, bayrağımızı isə diz çökərək öpür. Və bu, tək bizdə belə deyil.

Bu gün bayraq günümüzdür. Bayrağın uca olsun Azərbaycan! Özü də bayraq adamların sayının çoxluğu ilə!

Teqlər: