Tuskdan “Brexit” açıqlaması: "Yeriniz cəhənnəmdir"

   Tuskdan “Brexit” açıqlaması:  "Yeriniz cəhənnəmdir"
  06 Fevral 2019    Oxunub:1955
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ümid edir ki, “Brexit” dalanından çıxmaq üçün Böyük Britaniya baş naziri Tereza Mey sabah Brüsselə real təkliflərlə gələcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Tusk İrlandiya baş naziri Leo Varadkar ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, Avropa İttifaqı “Brexit” sazişi üzrə danışıqları yeniləməyəcək və Londona heç bir yeni təklif verməyəcək. Çünki İrlandiya ilə Birləşmiş Krallıq arasında xüsusi gömrük-sərhəd rejimi ilə bağlı bənd (“Brexit”dən sonra İrlandiya ilə Krallığa daxil olan Şimali İrlandiya arasında sərt gömrük və sərhəd nəzarət sisteminin işə düşməməsi üçün Aİ-nın təklif etdiyi xüsusi rejim) sazişdən çıxarılmamalıdır.

Tusk xüsusilə vurğulayıb ki, Britaniyanın İttifaqdan ayrılmasının təhlükəsiz şəkildə həyata keçməsi üçün hətta hansısa bir plan eskizi belə hazırlamadan “Brexit” prosesini təbliğ edən britaniyalı siyasətçilər cəhənnəmdə xüsusi yerə layiqdirlər.

Varadkar isə öz növbəsində vurğulayıb ki, ötən ay Britaniya parlamenti tərəfindən rədd edilən “Brexit” sazişi ən yaxşı və mümkün razılaşmadır. Onun sözlərinə görə, Britaniyadakı hazırkı siyasi qeyri-sabitlik də Şimali İrlandiya ilə xüsusi rejimə niyə ehtiyac duyulduğunu bir daha sübut edir.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit” sazişi üzrə yenidən danışıqlara başlamaq ümidilə yanvarın 7-də Brüsselə səfər edərək Avropa Komissiyasının prezidenti Jan Klod-Yunkerlə görüşəcək. Bu, ötən ilin noyabrında “Brexit” sazişi üzrə razılıq əldə olunduqdan sonra Britaniya baş nazirinin Aİ-nin yüksək vəzifəli rəsmisi ilə ilk formal görüşü olacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı   İrlandiya  





Xəbər lenti