Azərbaycandan sonra ABŞ da “Dəmir günbəz” alır

  07 Fevral 2019    Oxunub : 9894
Azərbaycandan sonra ABŞ da “Dəmir günbəz” alır
ABŞ ordusu İsrail istehsalı olan “Dəmir günbəz” hava hücumundan müdafiə (HHM) sistemlərini almağa hazırlaşır və bunun üçün müvafiq müqavilə imzalanacaq.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ ordusunun rəsmi nümayəndəsi, polkovnik Patrik Seyber bəyan edib. Onun sözlərinə görə, İsraildən məhdud sayda alacaqları “Dəmir günbəz” HHM sistemləri ABŞ qoşunlarını raketlər və minaatanlar kimi “dolayı atəşdən” qorumaq üçün qısamüddətli zərurəti təmin etməyə imkan verəcək.

““Dəmir günbəz” hazırda ABŞ hərbçilərinin geniş spektrli dolayı atəş və hava təhdidlərindən müdafiəsi üçün əlçatan sistem kimi sınaqdan keçiriləcək. ABŞ ordusu uzunmüddətli perspektivdə istifadə edilə biləcək HHM sistemi üçün müxtəlif variantları qiymətləndirəcək” - polkovnik Seyber vurğulayıb.



Qeyd edək ki, “Dəmir günbəz” HHM sistemləri İsrailin Azərbaycana müxtəlif silah sistemlərinin satışını həyata keçirən “Rafael” və “Israel Aircraft Industries” şirkətləri tərəfindən yaradılıb. 2011-ci ildən İsrail ordusunun istifadəsinə verilən bu sistemlər uçuş məsafəsi 4-70 kilometr olan idarəolunmayan taktiki raketlərdən müdafiəni təmin edir. Sistem həmçinin, 3 min metrdən 10 min metrə qədər yüksəklikdə uçan təyyarələri, helikopterləri, eləcə də müxtəlif növ pilotsuz uçuş aparatlarını da vura bilir. ABŞ “Dəmir Günbəz” sisteminin modernləşdirilməsi və satın alınması üçün İsrail şirkətinə 1 milyard dollar ayırıb.



Əsas funksiyası hava hücumundan müdafiə olan “Dəmir günbəz” HHM sistemlərinin hər bir batareyası 150 kvadrat kilometrlik ərazini qoruyur. Ağırlığı 90 kiloqram, uzunluğu isə 3 metr olan bir batareya ən kiçik hədəfləri belə müəyyənləşdirə və izləyə bilən radarlardan, 3-4 buraxılış qurğusundan ibarətdir. Hər qurğuda 20 raket var. “Dəmir günbəz”in bir bataryasının dəyəri 50 milyon dollardır. “İskəndər-M” raketlərini zərərsizləşdirmək iqtidarında olan “Dəmir günbəz” HHM sistemlərindən hazırda yalnız İsrail və Sinqapurda istifadə edilir. Azərbaycan da İsraildən “Dəmir günbəz” HHM sistemlərini alan nadir ölkələrdəndir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Azərbaycan   İsrail   ABŞ