Ermənistanda casus qalmaqalı böyüyür

  Ermənistanda casus qalmaqalı böyüyür
  03 Mart 2019    Oxunub:3930
Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov Paşinyanın Tehrana səfəri zamanı verdiyi bəyanatda casus elan etdiyi erməni siyasətçilərin adlarının açıqlanmasını tələb edib.
Erməni müxalifətinin nümayəndəsi baş nazirin bəhs etdiyi bu şəxslərlə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətə keçməsinin zəruriliyini qeyd edib.

Nikol Paşinyan Tehranda erməni icmasının nümayəndələri ilə görüşündə bəyan edib ki, onlar xarici ölkələrin agentləri olan siyasi xadimləri rədd etməlidirlər. Baş nazirin “xarici ölkələrin agentləri dövlətin daxilinə sızmış “Troya atıdırlar” sözlərinə münasibət bildirən Şarmazanov deyib ki, milli təhlükəsizliyinin əhəmiyyətinin dərk edildiyi hər bir normal, demokratik ölkədə bu sözlərin ardından konkret tədbirlər görülməlidir. Onun sözlərinə görə, ictimaiyyət siyasi fəaliyyətlə məşğul olan bu xarici ölkə agentlərinin kim olduqlarını bilməlidir, lakin üzərindən iki gün keçməsinə rəğmən nə Paşinyan, nə də onun ətrafındakılar heç bir casusun adını açıqlamayıblar.

Erməni siyasətçi əlavə edib ki, Paşinyan dövlətin sarsıdılması ilə məşğul olduqlarını iddia etdiyi bu siyasi xadimlərin adlarını açıqlamalıdır. “Baş nazir artıq parlamentin tribunasından şayiələr yayan müxalifətçi deputat deyil. O, faktiki olaraq güc strukturlarının – konkret desək, polis və təhlükəsizlik xidmətinin tabe olduqları dövlət başçısıdır. Paşinyan kimi nəzərdə tutduğunu söyləməlidir, əks halda onun sözləri heç bir əsası olmayan növbəti populizm, yalan məlumat, rüsvayçı demaqogiya kimi qəbul ediləcək”, - deyə müxalifət nümayəndəsi vurğulayıb.

Azvision.az



Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti