ABŞ Fələstin konsulluğunu İsraildəki səfirliyi ilə birləşdirir

  04 Mart 2019    Oxunub : 1022
 ABŞ Fələstin konsulluğunu İsraildəki səfirliyi ilə birləşdirir
ABŞ Qüdsdə fələstinlilərə xidmət göstərən baş konsulluğunu İsraildəki yeni səfirliyi ilə birləşdirəcək.

Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidməti rəhbərinin müavini Robert Palladinonun yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, bu addım Vaşinqtonun xarici siyasət kursunun dəyişməsi kimi qəbul edilməməlidir.

“2019-cu ilin 4 martında ABŞ-ın QÜdsdəki baş konsulluğu ABŞ-ın Qüdsdəki səfirliyi ilə birləşdiriləcək. Vahid diplomatik missiya yaradılacaq. Bu, ABŞ-ın Qüds, İordan çayının qərb sahili və ya Qəzza sektoru üzrə siyasətinin dəyişməsi anlamına gəlmir. Prezidentin (Donald Tramp) də bəyan etdiyi kimi, ABŞ bundan sonra da yekun status məsələsi, o cümlədən də, ayırıcı xəttlər və sərhədlər məsələsi üzrə mövqe tutmayacaq”, – bəyanatda vurğulanır.

Bundan əvvəl, ABŞ dövlət katibi Mayk Pompeo bildirmişdi ki, ABŞ-ın Qüdsdəki səfirliyində Fələstin məsələsi üzrə yeni şöbə yaradılacaq.

Qeyd edək ki, Qüdsün statusu Fələstin-İsrail münaqişəsindəki əsas düyünlərdən biridir. İsrail 1967-ci il müharibəsində şəhərin şərq hissəsini işğal edib. Onlar iddia edirlər ki, Qüds əzəli İsrail torpağıdır və İsrailin “vahid və bölünməz” paytaxtıdır. ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi fələstinlilərin ciddi etirazına səbəb olmuşdu.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Qüds   ABŞ   İsrail