ABŞ Aİ diplomatik nümayəndəliyinin statusunu bərpa etdi

ABŞ Aİ diplomatik nümayəndəliyinin statusunu bərpa etdi
  04 Mart 2019    Oxunub:2272
Avropa İttifaqının (Aİ) Vaşinqtondakı diplomatik nümayəndəliyinin statusunu rəsmən xəbərdar etmədən və heç bir izahat vermədən azaldan ABŞ prezidenti Donald Tramp administrasiyası diplomatik missiyanın yeni rəhbəri Stavros Lambrinidisin vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar nümayəndəliyin statusunun bərpa olunduğunu bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropa İttifaqındakı daimi nümayəndəsi, səfir Qordon Sondlandın yaydığı bəyanatda deyilir.

“ABŞ dövlət katibi Mayk Pompeo protokol rəisinə təlimat verib ki, statusun bərpasının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün. Aİ qlobal təhlükəsizliyin və çiçəklənmənin təmin edilməsində Amerikanın ən dəyərli tərəfdaşlarından biri və olduqca vacib təşkilatdır” – bəyanatda vurğulanır.

Bundan əvvəl “Politico”ya müsahibəsində isə Qordon Sondland Aİ-nı “arxaik” və “obstruksionist üstqurum” adlandırmışdı.

Xatırladaq ki, ABŞ yanvarın əvvəlində Aİ-nın Vaşinqtondakı diplomatik nümayəndəliyinin statusunu üzv dövlətdən beynəlxalq təşkilat səviyyəsinədək endirmişdi. Brüssel isə Amerikanın sabiq prezidenti ata Corc Buşun dəfn mərasimi zamanı bundan xəbər tutmuşdu. Belə ki, mərasimdə Aİ-nin Vaşinqtondakı nümayəndəliyinin o zamankı rəhbəri Devid O’Sallivanın adı protokola uyğun qaydada çəkilməmişdi. ABŞ Dövlət Departamenti daha sonra bildirmişdi ki, status dəyişikliyi ilə bağlı xəbərdar etməyi unudublar və bu qərarı protokol xidməti rəhbərinin məsləhət bildiyi üçün veriblər. Lakin qaydaya görə, bu kimi addımlar barədə əvvəlcədən yazılı sürətdə xəbərdarlıq olunmalıdır.

Brüsseldə isə məsələnin protokolla bağlı olmadığını, siyasi mahiyyət daşıdığını hesab edirlər. Bununla belə, Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini regionda və dünyada üzləşdikləri geosiyasi çağırışlar fonunda ABŞ-ın bu qərarının şərh üçün prioritet olmadığını bildirmişdi.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Vaşinqton   Avropaİttifaqı   ABŞ  





Xəbər lenti