Səudiyyə Ərəbistanı turistlər üçün vizanı sadələşdirir

  09 Mart 2019    Oxunub : 580
Səudiyyə Ərəbistanı turistlər üçün vizanı sadələşdirir
Səudiyyə Ərəbistanı hökuməti ölkənin inkişafı və krallığı qeyri-dini turizmə açıq etmək məqsədilə görülən tədbirlər çərçivəsində əcnəbi qonaqlar üçün viza rejimini sadələşdirəcək.
Azvision.az xəbər verir ki, proses 2019-cu ilin sonunda həyata keçiriləcək.

Səudiyyə rəsmiləri bildiriblər ki, artıq ölkəyə gələn turistlər və əcnəbi vətəndaşlar viza işlərini internet üzərindən cəmi bir neçə dəqiqəyə həll edə biləcələr. Belə ki, turistlər viza üçün onlayn rejimdə qeydiyyatdan keçəcəklər və daha sonra 24 saat ərzində onların sənədləri elektron poçtlarına göndəriləcək. Krallıq bəyan edib ki, artıq viza əldə etmək üçün səfirlik və ya konsulluğa baş çəkməyə ehtiyac qalmayacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı uzun müddət turistlər üçün ən qapalı ölkələrdən biri olub. Mövcud sistem ora səfər etmək istəyən biznesmenlər və hacıların yalnız iki həftə müddətinə viza əldə etməsinə icazə verir. Krallıq rəhbərliyi hesab edir ki, viza prosesinin sadələşdirilməsi və elektron müstəviyə keçirilməsi turistlərin axınına və nəticə etibarilə ölkənin inkişafına təkan verəcək.

Səudiyyədə kinoteatrlar yalnız 2018-ci ildə açılmağa başlayıb. Daha sonra musiqi konsertlərinin və beynəlxalq idman tədbirlərinin keçiriməsinə icazə verilib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Səudiyyə   Viza