Qəzadan sonra “Boeing” yeni təyyarənin təqdimatını təxirə saldı

Qəzadan sonra “Boeing” yeni təyyarənin təqdimatını təxirə saldı
  11 Mart 2019    Oxunub:2276
Efiopiyada “Boeing 737 MAX” sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində göyərtədəki 157 nəfərin hamısının ölümü ilə əlaqədar “Boeing” şirkəti yeni istehsal etdiyi “Boeing-777X” təyyarəsinin 13 marta təyin olunan təqdimatını təxirə salıb.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

““Boeing” “Ethiopian Airlines” aviaşirkətinin 305 nömrəli reysinin qəzaya uğramasından dərin kədər hissi keçirir. İndi bizim başlıca vəzifəmiz müştərilərimizə dəstək göstərməkdir. Biz yeni təyyarəmizi yaxın gələcəkdə dünyaya təqdim etmək imkanı axtaracağıq”, deyə şirkət bəyan edib.

Qeyd edək ki, ötən gün “Ethiopian Airlines” aviaşirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsi Əddis-Əbaba aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya düşüb. Nəticədə, bütövlükdə 30 ölkənin 149 vətəndaşı, həmçinin, 8 ekipaj üzvü həlak olublar. Bu, “Boeing 737 MAX” təyyarəsinin son 6 ayda etdiyi 2-ci ən dəhşətli qəzadır. Ötən ilin oktyabrında İndoneziyanın “Lion Air” aviaşirkətinə məxsus digər “Boeing 737 MAX” təyyarəsi havaya qalxdıqdan 13 dəqiqə sonra Yava dənizinə düşərək 189 nəfərin ölümünə səbəb olmuşdu.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Boeing   Efiopiya  





Xəbər lenti