Tramp Konqresdən əlavə pul tələb edəcək

Tramp Konqresdən əlavə pul tələb edəcək
  11 Mart 2019    Oxunub:1339
ABŞ prezidenti Donald Tramp qanunsuz miqrantların ölkəyə axını və narkotik dövriyyəsinin qarşısını almaq məqsədilə Meksika ilə sərhəddə divarın tikilməsi üçün Konqresdən 2020-ci il dövlət büdcəsində əlavə 8,6 milyard dollar vəsait ayırmağı tələb edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Trampın 2020-ci maliyyə ili üzrə Konqresə ünvanlayacağı büdcə sorğusunun mətni ilə tanış olan Ağ Ev rəsmisi “Reuters”ə bildirib.

Onun sözlərinə görə, Trampın tələb etdiyi bu məbləğ Konqresin son 2 ildə sərhəd layihələrinə ayırdığı vəsaitlərdən 6 dəfədən, ABŞ prezidentinin bu ilki fövqəladə rejim səlahiyyətləri vasitəsilə əldə etdiyi maliyyədən isə 6% çoxdur.

Ağ Evin iqtisadi məsləhətçisi Larri Kudlou isə “Fox News”a müsahibəsində deyib ki, Trampın bu tələbi üzündən növbəti büdcə davası meydana çıxacaq: “Düşünürəm ki, Tramp divar tikintisi məsələsində israrlı olacaq və sərhəd təhlükəsizliyi mövzusunu gündəmdə saxlayacaq. Prezident 2020-ci il büdcəsində sərhəd təhlükəsizliyi üzrə daxili vəsait hesabına olan xərclərin təqribən 5% azaldılmasını təklif edir. Zənnimcə, bu vacibdir.”

ABŞ-ın 2020-ci il üzrə büdcə qanun layihəsi bu ilin 1 oktyabrınadək Konqresdə təsdiqlənməlidir. Əks halda, yanvarda bitən və Amerika tarixindəki ən uzun (5 həftə davam edib) “şatdaun” (büdcə çatışmazlığı üzündən ABŞ federal hökumətinin işini qismən dayandırması) prosesi təkrarlana bilər.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Meksika   Konqress   ABŞ   şatdaun  





Xəbər lenti