Britaniya baş naziri hökumətin dəstəyini itirib

   Britaniya baş naziri hökumətin dəstəyini itirib
  11 Mart 2019    Oxunub:1888
Böyük Britaniya hökumətində təmsil olunan nazirlərin, demək olar ki, hamısı “Brexit” məsələsində artıq baş nazir Tereza Meyi dəstəkləməkdən imtina ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Britaniya hökumətindəki mənbə “Daily Telegraph” qəzetinə bildirib.

“Deyərdim ki, nazirlər kabinetində hələ də Meyi dəstəkləyən yalnız 2 nazir qalıb. Qalanların hamısı baş nazirin ölkəni idarəetmə bacarığına olan inamlarını itiriblər” - mənbə vurğulayıb.

Qəzet yazır ki, Tereza Mey 2022-ci ildəki seçkilərdə namizəd olmayacağını açıqlayıb. Lakin əgər “Brexit” planlaşdırılmış müddətdə baş tutmazsa, onda hökumət 2019-cu ilin avqustunadək baş nazirin istefaya getməsinə və onun xələfinin Britaniyanın Avropa İttifaqından çıxma şərtləri barədə yeni danışıqlara başlamasına təşəbbüs edə bilər.

Qeyd edək ki, 2016-cı ilin iyununda keçirilən referendimun nəticəsinə uyğun olaraq, “Brexit” prosesi 2019-cu ilin 29 martında rəsmən başa çatmalıdır. Lakin son tarixə 18 gün qalmasına baxmayaraq, Britaniya parlamenti ilə hökumət arasında “Brexit” sazişinə dair yekun razılaşma yoxdur. Tereza Mey bildirib ki, əgər 12 martdakı səsvermədə parlament “Brexit” sazişi ilə bağlı hökumətin təqdim etdiyi şərtləri bir daha təsdiqləməsə, onda ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin başqa vaxta təxirə salınması üçün Brüsselə rəsmi müraciət edəcək.

Leyboristlər Partiyasının lideri Ceremi Korbin isə bəyan edib ki, parlament hökumətin alternativ planını rədd etdikdən sonra dərhal “Brexit”lə bağlı yeni referendumu dəstəkləyəcəklər və 13 martda baş nazirə qarşı növbəti etimad səsverməsi keçirəcəklər.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti