Almaniya Türkiyəyə gedən vətəndaşlarına xəbərdarlıq edib

  11 Mart 2019    Oxunub : 462
Almaniya Türkiyəyə gedən vətəndaşlarına xəbərdarlıq edib
“Türkiyə hökumətinin alman kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyəti təmsilçiləri əleyhinə yeni addımlar atmasının mümkünlüyü istisna edilmir.”
Azvision.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin Türkiyəyə səyahət edən vətəndaşlarına ünvanladığı yenilənmiş xəbərdarlığında belə deyilir.

Qeyd olunur ki, bu xəbərdarlıq aralarında almanların da olduğu bir neçə avropalı jurnalistin Türkiyədə heç bir əsas göstərilmədən akkreditasiya edilməməsindən və ya onların akkreditasiyasının ləğv edilməsindən sonra verilib. Bildirilir ki, almanların öz ölkələrində çəkinmədən söylədikləri fikirlər Türkiyədə də eyni cür qarşılanmaya və nəticədə onlar işlətdikləri ifadələrə görə həbs oluna bilərlər.

“Almaniya qanunlarında söz azadlığı çərçivəsinə daxil olan ifadələr Türkiyədə peşə fəaliyyətinin məhdudlaşdırılmasına və cinayət işinin açılmasına səbəb ola bilər” – xəbərdarlıqda vurğulanır.

O da qeyd olunur ki, Türkiyədə qadağan edilmiş təşkilatların hansısa yığıncağında iştirak edən, yaxud da sosial şəbəkələr vasitəsilə Türkiyə hökuməti barədə tənqidi fikirlər səsləndirən alman turistlərin də saxlanılma riski var. Sənəddə həmçinin, son 2 il ərzində Türkiyədə səbəbsiz yerə saxlanılan Almaniya vətəndaşlarının sayının artdığı bildirilir.

Almaniya xarici işlər naziri Hayko Maas isə “Tagesspiegel”ə açıqlamasında bəyan edib ki, “alman jurnalistlərin Türkiyədə işlərini sərbəst şəkildə görə bilməməsi bizim üçün qəbuledilməzdir”.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Türkiyə   Almaniya