Tereza Mey Yunkerlə “Brexit”i müzakirə edib

  11 Mart 2019    Oxunub : 567
Tereza Mey Yunkerlə “Brexit”i müzakirə edib
Böyük Britaniyanın baş naziri Tereza Mey sabahkı səsvermədə ölkə parlamentinin razılığını almaq üçün “Brexit” sazişi üzrə danışıqlarda sıçrayışa nail olmaq məqsədilə bu gün Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə telefon söhbəti edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Britaniya baş nazirinin sözçüsü Ceyms Slek məlumat yayıb. Onun sözlərinə görə, hazırda Londonla Brüssel arasında “Brexit” danışıqları davam etdirilir.

Qeyd edək ki, 2016-cı ilin iyununda keçirilən referendimun nəticəsinə uyğun olaraq, “Brexit” prosesi 2019-cu ilin 29 martında rəsmən başa çatmalıdır. Lakin son tarixə 18 gün qalmasına baxmayaraq, Britaniya parlamenti ilə hökumət arasında “Brexit” sazişinə dair yekun razılaşma yoxdur. Tereza Mey bildirib ki, əgər 12 martdakı səsvermədə parlament “Brexit” sazişi ilə bağlı hökumətin təqdim etdiyi şərtləri bir daha təsdiqləməsə, onda ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin başqa vaxta təxirə salınması üçün Brüsselə rəsmi müraciət edəcək.

Leyboristlər Partiyasının lideri Ceremi Korbin isə bəyan edib ki, parlament hökumətin alternativ planını rədd etdikdən sonra dərhal “Brexit”lə bağlı yeni referendumu dəstəkləyəcəklər və 13 martda baş nazirə qarşı növbəti etimad səsverməsi keçirəcəklər.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı