Türkiyə PKK-ya görə Belçikaya nota verdi

  11 Mart 2019    Oxunub : 953
Türkiyə PKK-ya görə Belçikaya nota verdi
Belçikanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Mişel Malerb Xarici İşlər Nazirliyinə çağırılaraq, ölkəsinin PKK terrorçularının məhkəmə təqibi vasitəsilə cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alan qərarı ilə bağlı rəsmi Ankaranın kəskin etirazı bildirilib.
Azvision.az “Euronews””ə istinadən xəbər verir ki, səfirə Brüsselin aşağı instansiyalı məhkəməsinin PKK-nın Avropadakı önəmli üzvlərinin də daxil olduğu 36 fiziki və hüquqi şəxsin terrorla mübarizə qanunları çərçivəsində cəzalandırılmayacağına dair çıxardığı qərarının Türkiyədə ciddi narahatlıq doğurduğu çatdırılıb.

Qeyd edək ki, 8 martda Belçikanın İddianamə Palatası Federal Məhkəmənin PKK terrorçularına qarşı başlatdığı məhkəmə prosesinin qarşısını alan hökm çıxarıb. Bundan dərhal sonra Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bəyan edib ki, “Belə bir qərar qəbuledilməzdir. Müttəfiqimiz Belçikanın terrorla mübarizə öhdəliyi çərçivəsində davranmasını və PKK terror təşkilatına qarşı zəruri addımları atmasını gözləyirik”.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: PKK   Türkiyə   Belçika