ABŞ Rusiyanın strateji layihəsinə qarşı sanksiyalar hazırlayır

 ABŞ Rusiyanın strateji layihəsinə qarşı sanksiyalar hazırlayır
  12 Mart 2019    Oxunub:1896
ABŞ Avropanı Rusiya qazından asılı edəcək “Şimal axını-2” boru kəmərinin tikintisinə mane olmaq və bununla da, Rusiyanın qitə üzərində siyasi təsirinin güclənməsinin qarşısını almaq üçün “Şimal axını-2” layihəsinə sanksiyalar tətbiq edəcək.
Azvision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetinə ABŞ prezident administrasiyasındakı rəsmilər deyib. Bildirilir ki, Vaşinqtonun bu addımı “Şimal axını-2” layihəsi üzrə Rusiyanın əsas tərəfdaşı olan Almaniyada “NATO üzvünə qarşı təcavüz” kimi qiymətləndiriləcək.

Amerikalı rəsmilərin sözlərinə görə, “Şimal axını-2” layihəsinə qarşı sanksiyalar hazırda Rusiya əleyhinə qüvvədə olan məhdudlaşdırıcı tədbirlərə əlavə dəyişiklik kimi tətbiq olunacaq. Yeni sanksiyalar “Şimal axını-2” layihəsi üzrə qaz boru kəmərlərinin çəkilməsinə cavabdeh olan şirkət və investorlara qarşı yönələcək və bu, onların layihədə iştirakdan uzaqlaşdırılması məqsədi daşıyacaq.

ABŞ təhlükəsizlik xidmətinin anonim əməkdaşı isə qəzetə bildirib ki, “Amerika prezidenti Donald Tramp hesab edir ki, “Şimal axını-2” layihəsi ABŞ-ın Avropa üzərində tutduğu hərbi qalxanla uyğunlaşmır”.

Ötən ilin sonunda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bəyan etmişdi ki, əgər Avropa “Şimal axını-2” layihəsinə qarşı çıxmasa, onda Rusiyaya qarşı yeni sanksiyalar işə düşə bilər.



Xatırladaq ki, 1220 kilometr uzunluğundakı “Şimal axını-2” qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi “Qazprom” açıqlayıb ki, “Şimal axını-2” layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Baltikyanı ölkələr, Polşa və Ukrayna “Şimal axını-2” qaz boru kəmərinin tikintisinə qarşı çıxırlar. Bu ölkələr hesab edirlər ki, “Şimal axını-2” iqtisadi layihə deyil və Avropanın bütövlüyünə zərbə vurmağa hesablanıb. ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığını daha da artacaq. Vaşinqton ehtiyat edir ki, "Şimal axını-2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: “Şimalaxını-2”   Rusiya   ABŞ   Almaniya  





Xəbər lenti