Ankaradan Netanyahunun irqçi bəyanatına sərt reaksiya

  12 Mart 2019    Oxunub : 1227
 Ankaradan Netanyahunun irqçi bəyanatına sərt reaksiya
Rəsmi Ankara 9 apreldə keçiriləcək parlament seçkilərində radikal sağçıların dəstəyini qazanmaq naminə İsrail baş naziri Binyamin Netanyahunun fələstinlilərin və digər ərəb xalqlarının hüququnu heçə sayan irqçi bəyanatına sərt reaksiya verib.
Azvision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın İsrail baş nazirinin bu hərəkətinə səssiz qaldıqları üçün Qərb ölkələrini qınayıb.

“Netanyahu “İsrail bütün vətəndaşlarının deyil, yalnız yəhudi xalqının milli dövlətidir” deyib. Bu irqçi və diskriminativ yanaşmanı şiddətlə qınayıram. Bəs Qərb ölkələri də buna reaksiya verəcəkmi? Yoxsa yenə səssiz qalacaq və İsrailin daha bir cinayətini ört-basdır edəcəklər?” – Ərdoğanın sözçüsü "Ttvitter"də yazıb.

Qeyd edək ki, İsrailin mədəniyyət naziri Miri Reqev ötən həftə yerli telekanallardan birinə müsahibəsində iddia etmişdi ki, əgər 9 aprel seçkilərində Netanyahunun əsas rəqibi olan “Mavi-Bəyaz” ittifaqı qalib gələrsə, onda koalisiya hökumətini formalaşdırmaq üçün İsrail vətəndaşları fələstinlilərin partiyaları ilə əməkdaşlıq edə və bu, İsrail üçün təhdid yarada bilər.

Mədəniyyət nazirinin sözlərinə münasibət bildirən israilli model və aktrisa Rotem Sela isə bəyan etmişdi ki, “Səsverməyə gedəndə yəhudilər və ərəblər hər birimiz bərabər olacağıq. İsrail parlamentində yəhudilər də, yəhudi olmayanlar də təmsil ediləcək!” Modelin bəyanatına isə İsrailin baş naziri Benyamin Netanyahu “Əziz Rotem, sözlərinizə ciddi bir düzəliş edim: İsrail bütün vətəndaşlarının deyil, yalnız yəhudi xalqının milli dövlətidir” cavabını verib. İsrailin gündəmini tutan bu dialoq müxtəlif mübahisələrə səbəb olub. Nəticədə məsələyə İsrail prezidenti Reuven Rivlin müdaxilə etməyə məcbur qalıb və baş nazirə təpki olaraq bildirib ki, “İsrailin yalnız yəhudi dövləti olduğuna inananlar bütün vətəndaşların qanun qarşısında bərabər hüquqlara malik olduqlarını xatırlamalıdır. Bu ölkədə birinci, yaxud ikinci sinif vətəndaş yoxdur”.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Türkiyə   Fələstin   İsrail