ATƏT sədri İrəvanda Paşinyanın "yeni formatını" dəstəkləmədi

 ATƏT sədri İrəvanda Paşinyanın    "yeni formatını"    dəstəkləmədi
  13 Mart 2019    Oxunub:2993
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların formatında istənilən dəyişiklik münaqişə tərəfləri (Ermənistan və Azərbaycan) üçün məqbul olmalıdır.
Azvision.az xəbər verir ki, bunu hazırda İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla birlikdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mövcud ənənəyə uyğun davam edən danışıqlar prosesi var və bu, münaqişənin həllində konkret nəticələrə nail olunmasına gətirib çıxara bilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların formatında edilə biləcək istənilən dəyişiklik üçün münaqişə tərəflərinin (Ermənistan və Azərbaycan) razılığı olmalıdır. Mən münaqişənin həllinin tapılması istiqamətində faydalı olmaq üçün kömək etməyə hazıram və Minsk qrupu həmsədrləri, eləcə də səfir Kaspşikə tamamilə güvənirəm. Hər şeyi onlarla sıx koordinasiya şəklində edirəm” – Layçak bildirib.

ATƏT sədri onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma arxitekturası Helsinki Yekun Aktında təsbit olunan beynəlxalq prinsiplər üzərində qurulmalıdır.

Layçakın sözlərinə görə, Ermənistan və Azərbaycan liderlərinin son zamanlar keçirdikləri görüşlər nizamlanma və əhalini sülhə hazırlamaq yolunda ciddi əhəmiyyətə malikdir: “Mənim regiona səfərimin başlıca məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğumuzu təsdiqləməkdir. ATƏT-dəki sədrliyimiz insanların maraqlarının müdafiəsinə istiqamətlənib. Biz bu regionda yaşayan insanlar üçün maksimal təhlükəsiz gələcək qurmaq istəyirik. Bu mənada, son zamanlar təmas xəttində gərginliyin azalmasını təqdir edirik.”


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   DağlıqQarabağ   Azərbaycan   ATƏT  





Xəbər lenti