Kaşoqinin qətlinə görə 20 nəfər axtarışa verildi

  14 Mart 2019    Oxunub : 1549
 Kaşoqinin qətlinə görə 20 nəfər axtarışa verildi
Səudiyyəli jurnalist Camal Kaşoqinin qətlində şübhəli bilinən 20 nəfər İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.
Azvision.az xəbər verir ki, barəsində axtarış elan edilən şəxslər Kaşoqini qətlə yetirmək üçün Səudiyyə Ərəbistanından İstanbula gələn cinayətkar qrupun üzvləridir.

Xatırladaq ki, ötən il oktyabrın 2-də “The Washington Post” qəzetinin əməkdaşı Camal Kaşoqi sənəd almaq üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna müraciət edib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib.

Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Lakin indiyədək jurnalistin cəsədinin qalıqlarının harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan yalnız 11-i həbs olunaraq məhkəmə qarşısına çıxarılıb.

Azvision.az

Teqlər: Kaşoqi