Çavuşoğlu Moqeriniyə şikayətləndi: “İkiüzlülüyü qəbul etmirik”

Çavuşoğlu Moqeriniyə şikayətləndi:  “İkiüzlülüyü qəbul etmirik”
  15 Mart 2019    Oxunub:2183
“Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd və mühüm tərəfdaş olan Türkiyə ilə münasibətlərimizin əhəmiyyətini təsdiq edirik”
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini 4 illik fasilədən sonra Brüsseldə keçirilən “Türkiyə-Aİ Tərəfdaşlıq Şurası”nın iclasından sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

“Türkiyə ilə Aİ-nın əməkdaşlığı sadəcə miqrantlar üçün deyil, Suriyada siyasi həll yolunun tapılması üçün də vacibdir” - Moqerini vurğulayıb.

Çavuşoğlu isə öz növbəsində bildirib ki, regional məsələlərdə Ankaranın mövqeyi Aİ ilə üst-üstə düşür. Türkiyənin Aİ-na üzvlüyü üçün danışıqların mövcud durumunu da müzakirə etdiklərini deyən Çavuşoğlu, ölkəsinə qarşı sərgilənən ikili standartlardan şikayətlənib.

“Türkiyənin təhlükəsizliyi Avropanın təhlükəsizliyindən ayrı tutula bilməz. Aİ-nın terror təşkilatları ilə mübarizəmizə dəstək verməsini gözləyirik. İttifaqla münasibətlərimizin normallaşması üçün prezident Ərdoğanın rəhbərliyində hökumətimiz zəruri addımları atır. Xüsusən də, məhkəmə və fundamental hüquqlar sahəsinə xüsusi əhəmiyyət veririk. Türkiyə Aİ-nın konstruktiv tənqidlərini ciddiyə alır. Amma ikili standart və ikiüzlülüyü qəbul etməyimiz mümkün deyil. Viza sərbəstliyi ilə bağlı 6 kriteriya qalıb və bunun üzərində işləri davam etdiririk. Həmçinin, Gömrük İttifaqının yenilənməsi də hər iki tərəfin xeyrinədir. Amma bəzi ölkələr buna əngəl olmağa çalışırlar. Türkiyə Aİ ilə münasibətlərində nə zaman məsafələri qət edib yaxınlaşsa, bəzi ölkələr buna sədd qoyurlar” – Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, 13 martda Avropa Parlamenti üzvlüklə bağlı Türkiyə ilə aparılan danışıqların təxirə salınması barədə qərar qəbul edib. Lakin sənəddə danışıqların hansı müddətə təxirə salındığı barədə məlumat verilmir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Avropaİttifaqı  





Xəbər lenti