Saakaşvili partiya sədrliyindən imtina etdi

  18 Mart 2019    Oxunub : 845
 Saakaşvili partiya sədrliyindən imtina etdi
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri postundan istefa vermək qərarına gəlib.

Azvision.az xəbər verir ki, bu barədə Saakaşvili özü sosial şəbəkədə bəyan edib. Sabiq prezident bu qərarını partiyasına yerindəcə, yəni Gürcüstana gələrək rəhbərlik etmək imkanının olmaması ilə əlaqələndirib.
“Partiya daxilində mütəmadi yeniliklər lazımdır. Buna görə də, partiyada yeni insanlar olmalı və partiyanın idarəolunmasında da yeni prinsiplər qurulmalıdır. Birincisi, hakim “Gürcü arzusu” partiyasının rəhbəri Bidzina İvanişvili məni Gürcüstana buraxmamaq üçün əlindən gələni edir. İkincisi isə, hazırda partiyamızın bəzi liderləri həbsdədirlər. Bütün bunlar bizim təşkilatın işini çətinləşdirir. Belə vəziyyətdə, “Vahid Milli Hərəkat” partiyasına yeni sədr seçilməsi vacibdir”, - Saakaşvili bildirib.

Saakaşvili həmçinin, partiyasının yeni sədri postuna Gürcüstanın keçmiş xarici işlər naziri, 2018-ci ildəki prezident seçkilərində namizəd olan Qriqol Vaşadzeni uyğun gördüyünü deyib: “Düşünürəm ki, Qriqol Vaşadze prezident kampaniyasını çox yaxşı apardı və mən özüm onun partiyamızın sədri postuna namizədliyini şəxsən dəstəkləyərdim.”

Gürcüstanın sabiq prezidentinin bu qərarını “Vahid Milli Hərəkat” partiyasının liderləri də müsbət qiymətləndiriblər. Roman Qoçiridze bildirib ki, tezliklə iclas çağıraraq yeni sədri seçəcəklər, lakin bununla belə, Mixeil Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının həmişəlik lideri olaraq qalacaq.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Gürcüstan   Saakaşvili