Nazarbayev istefa verdi

   Nazarbayev istefa verdi
  19 Mart 2019    Oxunub:7160
Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə Nazarbayev özü televiziya vasitəsilə xalqa müraciətində bəyan edib.

“Prezident səlahiyyətlərimə xitam vermək qərarına gəldim. Bu il ölkənin ən yüksək postunu tutmağımın artıq 30-cu ili tamam olacaq. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanı verdi” – Nazarbayev bildirib.

Bununla belə, Nazarbayev vurğulayıb ki, Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri və “Nur Otan” partiyasının sədri postlarında səlahiyyətlərinin icrasını davam etdirəcək: “Ömrümün sonunadək xidmət edəcəm və sizinlə olacam, xalqın qayğısı mənim qayğım olaraq qalacaq.”

Qeyd edək ki, Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edir. 2015-ci ildə o, 97,75% səslə növbəti dəfə 5 il müddətinə ölkə prezidenti seçilmişdi. 2007-ci ildə isə Qazaxıstan parlamenti ölkənin ilk prezidenti kimi Nazarbayevə dövlət başçısı postuna limitsiz sayda namizədliyini irəli sürmək hüququ vermişdi.

Qazaxıstan konstitusiyasına əsasən, prezident vaxtından əvvəl istefaya verdikdə, yaxud vəzifəsindən kənarlaşdırlıdıqda və ya öldükdə, onun səlahiyyətlərinin icrası parlamentin yuxarı palatası olan Senatın sədrinə keçir. Hazırda Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayevdir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər:





Xəbər lenti