Rəsmi Dəməşq Trampı hədəf aldı

   Rəsmi Dəməşq Trampı hədəf aldı
  24 Mart 2019    Oxunub:1941
Suriya hökuməti ABŞ prezidenti Donald Trampın Colan təpələrinin hüquqi statusu barədə bəyanatının heç bir faktiki və ya hüquqi nəticəsini tanımır.
Azvision.az xəbər verir ki, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri bəyan edib.

“BMT-nin 1981-ci ildəki 497 saylı qətnaməsində açıq şəkildə qeyd olunub ki, Colan təpələri Suriyanın işğal edilmiş əraziləridir və İsrailin buradakı fəaliyyətləri heç bir hüquqi qüvvəyə malik deyil. Suriya Trampın bəyanatını Yaxın Şərqdə və bütün dünyada sabitliyə təhlükə yaradan düşmən, presedentsiz və məsuliyyətsiz addım kimi qiymətləndirir. Amerikanın bu mövqeyi Colan təpələri barədə BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası qətnamələrinin kobud şəkildə pozulmasıdır və BMT nizamnaməsi, eləcə də beynəlxalq hüquqla heç bir əlaqəsi yoxdur” – Cəfəri vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp beynəlxalq hüquq prinsiplərini və BMT qətnamələrində təsbit olunmuş ümumi konsensusu növbəti dəfə pozaraq, indi də Colan təpələrinin İsrailin ərazisi kimi tanınması zamanının gəldiyini bəyan edib. İstisna edilmir ki, İsrail baş naziri Benyamin Netanyahunun bu gün ABŞ-a səfəri zamanı Tramp bununla bağlı rəsmi sənəd imzalaya bilər.

Xatırladaq ki, 1967-ci ildəki 6 günlük müharibədə İsrail Suriyanın Colan təpələrini işğal edib, 1981-ci ildə isə bu əraziləri birtərəfli qaydada ilhaq edib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Suriya   İsrail   ABŞ   Colantəpələri  





Xəbər lenti