İrəvanda yenidən etirazlar başladı

İrəvanda yenidən etirazlar başladı
  27 Mart 2019    Oxunub:2188
Bu gün səhər saatlarından etibarən İrəvanda lombardlar və valyuta dəyişmə məntəqələrinin əməkdaşları Ermənistanın hökumət binası qarşısında yenidən etiraz aksiyasına başlayaraq baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, etirazçılar “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklərə qarşı çıxırlar. Qanun layihəsinə əsasən, Ermənistanda dövlət rüsumları təqribən 60 dəfə artırılacaq.

Aksiya iştirakçılarının sözlərinə görə, hazırda qüvvədə olan qanunda lombardlar üçün nəzərdə tutulan dövlət rüsumunun məbləği 100 min dram, valyuta dəyişmə məntəqələri üçün isə 50 min dramdır. Lakin yeni qanun qəbul edildikdə onlar müvafiq olaraq 6 milyon və 3 milyon dram rüsum ödəmək məcburiyyətində qalacaqlar.

Əllərində “İşimizi əlimizdən almayın!”, “Ölkəni bu yolla qurmurlar!”, “Biz, vicdanlı vergiödəyiciləriyik!” şüarları yazılan plakatlar tutan etirazçılar qanun dəyişikliyi üzündən Ermənistanda yoxsulluğun səviyyəsinin yüksələcəyini bildirirlər. Onlar ümid ediblər ki, nazirlər kabineti onların şikayətini eşidəcək və yeni qanun layihəsinin mətnində dəyişiklik ediləcək. Çünki əks təqdirdə, İrəvan və ətraf ərazilərdə bu sahədə çalışan və rüsumu ödəyə bilməyən minlərlə insan işsiz qalacaq, nəticədə isə dövlət büdcəsi də 900 milyon dramdan çox vergidən məhrum olacaq.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti