20 Yanvar faciəsinin baiskarı Yazova 10 il həbs cəzası verildi

   20 Yanvar faciəsinin baiskarı Yazova 10 il həbs cəzası verildi
  27 Mart 2019    Oxunub:10628
Vilnüs Dairə Məhkəməsi 1991-ci il hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində sovet marşalı, keçmiş SSRİ-nin müdafiə naziri Dmitri Yazov barəsində insanlıq əleyhinə törətdiyi cinayətlərə və hərbi qanun pozuntularına görə 10 il azadlıqdan məhrumetmə hökmü çıxarıb.
Azvision.az “Sputnik Litva”ya istinadən xəbər verir ki, Yazovla birlikdə keçmiş KQB zabiti Mixail Qolovatova da eyni ittihamlar üzrə 12 il həbs cəzası verilib.

Lakin cinayətkarların ikisi də Rusiyada olduğundan, onlar barədə Litva məhkəməsinin həbs qərarı qiyabi xarakter daşıyır. Məhkəmə iclası zamanı rus diplomat və jurnalistlər zala buraxılmayıb.

Qeyd edək ki, bundan əvvəl Litvanın Baş Prokurorluğu Dmitri Yazovun insanlıq əleyhinə törətdiyi cinayətlərə görə ömürlük həbs olunmasını tələb etmişdi.

“Dmitri Yazov Litvanı SSRİ-ni tərkibinə qaytarmaq məqsədilə 1990-cı ilin sonunda hərbi və siyasi xadimlərdən ibarət 160 nəfərlik mütəşəkkil qrup yaradıb. O, beynəlxalq humanitar hüququn qoruması altında olan insanların ölümü, işgəncə və digər qeyri-insani davranışlar, qadağan olunmuş hərbi hücumlar, qadağan olunmuş hərbi sursatdan istifadə və digər hərbi və insanlıq əleyhinə cinayətlərdə ittiham olunur”, – deyə Litva Baş prokurorluğunun ittihamnamə aktında qeyd olunub.

Yazovla birgə, 1991-ci il 13 yanvar hadisələrində əli olan 67 nəfərin cəzalandırılması tələb olunub. Onların sırasında Litvalı dövlət xadimlərilə yanaşı, KQB-nin keçmiş zabiti Mixail Qolovatov, SSRİdaxili işlər nazirinin müavini Nikolay Demidov və digərləri var.

Qeyd edək ki, hazırda Moskvada yaşayan 94 yaşlı Dmitri Yazov 1987-1991-ci illərdə SSRİ-nin müdafiə naziri olub. O, 1990-cu ildə marşal rütbəsi alıb. Yazov 1990-cı ildə Bakıda törədilən 20 Yanvar faciəsinin baiskarlarından biridir. O, həmçinin, 1991-ci ilin avqustunda həyata keçirilən dövlət çevrilişinin iştirakçısı olub və buna görə məhbəs həyatı yaşayıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Yazov  





Xəbər lenti