Tereza Mey deputatlara çağırış etdi

  27 Mart 2019    Oxunub : 1007
Tereza Mey deputatlara çağırış etdi
Böyük Britaniya baş naziri Tereza Mey bəyan edib ki, əgər bu həftə ölkə qanunvericiləri hökumətin təqdim etdiyi “boşanma anlaşmasını” təsdiqləsələr, onda Britaniyanı Avropa İttifaqından çıxaracağına dair verdiyi vədi yerinə yetirə biləcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Mey bu gün Britaniya parlamentarilərinə müraciətində belə deyib.

“Əgər bu həftə parlamentin üzvləri “Brexit” sazişini dəstəkləsələr, biz “Brexit”i həyata keçirəcəyimizə zəmanət verə bilərik. Əks təqdirdə, başqa variantlar “Brexit”in təxirə salınmasına, qeyri-müəyyənliyə gətirib çıxaracaq və “Brexit” heç vaxt baş tutmayacaq” – Mey bildirib.

Qeyd edək ki, bu gün Britaniya parlamentinin İcmalar Palatası ölkənin Aİ-dan alternativ çıxış yolları üzrə səsvermə keçirəcək. Variantlar sırasında “Brexit”dən sonra Aİ ilə daha sıx əməkdaşlıq və ya təkrar referendumun keçirilməsi də var. Hətta üzvlükdən imtina ilə bağlı Brüsselə göndərilən rəsmi müraciətin geri alınması yolu ilə “Brexit”dən birbaşa imtina variantı da nəzərdən keçirilir. Həmçinin, Britaniya parlamenti “Brexit”in təxirə salınması barədə qanun layihəsinə də bu gün baxmalıdır.

“Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu ilin 29 martında başa çatmalı və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoymalı idi. Lakin Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini iki dəfə rədd etdiyindən, London Aİ-dan çıxış tarixinin 30 iyunadək uzadılması üçün Brüsselə müraciət edib. Amma mayın 23-də AvropaParlamentinə keçiriləcək seçkilərlə əlaqədar Brüssel “Brexit”in mayın 22-dək təxirə salınmasına şərti razılıq verib.


Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı