Paşinyan ölmüş arzuların arxasınca qaçır

 Paşinyan ölmüş arzuların arxasınca qaçır
  28 Mart 2019    Oxunub:2668
Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin hərbi sənaye kompleksini inkişaf etdirmək və ordunun silahlanmasında, hərbi texnika ilə təchizatında başqalarından (Rusiyadan) asılı olmamaq lazımdır.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Paşinyan Ermənistan parlamentində deputatların “hərbi sənaye kompleksinin inkişafı üçün hansı işləri görmüsünüz?” sualını cavablandırarkən deyib.

Diqqət çəkən məqam o olub ki, konkret iş nümunəsi göstərə bilməyən Paşinyan sualdan yayınmaq üçün bu sahədə maliyyə çatışmazlığından şikayətlənib.

“Bizim strategiyamız odur ki, hərbi sənaye kompleksinin inkişafı üçün ciddi maliyyə ayrılmalıdır. Yalnız bu halda köhnə arabanı yerindən tərpətmək olar. Çünki əgər biz digər ölkələrdə artıq çoxdan istehsal olunan silahları hazırlayırıqsa, onda bu, heç bir işə yaramayacaq. Hərbi sənaye kompleksi yeni texnologiyalara əsaslanmalıdır” – Paşinyan vurğulayıb.

Baş nazir hətta söz verib ki, gələcəkdə Ermənistanı silah ixrac edən ölkəyə çevirəcək. Lakin onun çıxışını şərh edən erməni ekspertlər bildirir ki, Paşinyanın “ölü arzu”nun arxasınca qaçması sadəcə hazırkı bacarıqsızlıqlarını və uğursuzluqları gizlətmək üçün edilən növbəti gedişdir. Çünki dünya təcrübəsi göstərir ki, hərbi sənaye kompleksində ən cüzi inkişaf üçün belə milyardlarla dollar pul lazımdır. Ermənistan reallığı isə buna qətiyyən imkan vermir. Onların sözlərinə görə, həmçinin, Rusiya faktoru da Ermənistanın nə zamansa müasir və ən əsası müstəqil hərbi sənaye kompleksinə malik, silah ixrac edən ölkəyə çevrilməsini mümkünsüz edir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan   Rusiya  





Xəbər lenti