Tramp Səudiyyəyə nüvə texnologiyası satışına məxfi icazə verib

  29 Mart 2019    Oxunub : 986
 Tramp Səudiyyəyə nüvə texnologiyası satışına məxfi icazə verib
ABŞ-ın energetika naziri Rik Perri şirkətlərin Səudiyyə Ərəbistanına yardım etməsi və nüvə enerjisi texnologiyalarının satılması üçün 6 ədəd gizli icazə sənədini imzalayaraq təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə sənədlərin nüsxəsi ilə tanış olan “Reuters” agentliyi məlumat yayıb.

ABŞ Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi Milli İdarəsindən bildiriblər ki, şirkətlər nüvə enerjisi texnologiyalarının Səudiyyəyə satılmasına dair verilən icazənin məxfi saxlanılmasını tələb ediblər. Naziri Perrinin icazəsi həmin şirkətlərə imkan verəcək ki, saziş imzalananadək ilkin işləri həyata keçirsinlər.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın administrasiyasının hədəfi nüvə texnologiyalarının mübadiləsi üzrə Səudiyyə Ərəbistanı ilə daha geniş sazişə nail olmaqdır və məqsəd minimum 2 atom elektrik stansiyası (AES) tikməkdir. Çünki ABŞ-dan başqa Cənubi Koreya və Rusiya da AES-lərin tikintisi barədə Ər- Riyadla saziş bağlanması uğrunda rəqabət aparırlar. Qalibin kim olacağı isə bu ilin sonunda məlum olacaq.

Lakin nüvə silahının yayılmamasının tərəfdarları ehtiyat edirlər ki, Səudiyyə bu texnologiyaları əldə edərək sonradan onları gizli şəkildə dəyişdirməklə nüvə silahının yaradılması üçün lazım olan parçalayıcı materialın istehsalı üçün istifadə edə bilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yaxın 10 il ərzində ümumi dəyəri 80 milyard dollar olan 16 nüvə reaktoru tikmək istəyir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Səudiyyə   Nüvə   ABŞ   AES   Rusiya