Yeni prezident Avropa yönümlü siyasət yürüdəcək

 Yeni prezident Avropa yönümlü siyasət yürüdəcək
  31 Mart 2019    Oxunub:2519
Slovakiyada prezident seçkilərinin ikinci turunda qalib gələn vəkil Zuzana Çaputova ilk çıxışında aydın şəkildə Avropa yönümlü siyasət yürüdəcəyini elan edib.
Bununla da o, səlahiyyət müddəti başa çatan bitərəf Prezident Andrey Kişkanın Avropa ilə bağlı məsələlərdə siyasi kursunun dəyişməyəcəyinə işarə edib. Yeni dövlət başçısı sosial-demokrat Peter Pelleqrinin rəhbərlik etdiyi hökumətdən ölkənin rifahı naminə konstruktiv əməkdaşlıq gözlədiyini də açıqlayıb.

Z.Çaputova qələbə qazandıqdan sonra ilk müraciətində ona göstərilən etimada görə təşəkkürünü yalnız slovak dilində deyil, ölkədə yaşayan digər millətlərin (çex, macar və qaraçı) dillərində bildirib.

Ölkə tarixinə ilk qadın prezident kimi düşən Z.Çaputova deyib: “Biz göstərdik ki, uğur əldə edə bilmək üçün heç də populist və aqressiv sözlərdən istifadə etmək lazım deyil”.

Z.Çaputova vəzifə səlahiyyətlərinin icrasına iyunun 15-də başlayacaq. (AzərTAc)

Azvision.az



Teqlər:





Xəbər lenti