Brüsselin Britaniya üçün “Brexit” şərti

Brüsselin Britaniya üçün “Brexit” şərti
  02 Aprel 2019    Oxunub:2145
“Brexit” prosesinin yenidən təxirə salınması Avropa İttifaqı (Aİ) üçün risklər gətirəcək, ona görə də, “Brexit” tarixinin ikinci dəfə uzadılması üçün London ciddi səbəblər göstərməlidir.
Azvision.az xəbər verir ki, bunu Aİ-nın “Brexit” üzrə danışıqlardakı ali nümayəndəsi Mişel Barnye deyib. Onun sözlərinə görə, əgər Böyük Britaniya 23 maydan sonra Aİ-nın üzvü olaraq qalmaqda davam edəcəksə, onda mayın sonuna təyin edilən Avropa Parlametinə keçiriləcək seçkilərdə iştirak etməli, həmçinin, Avropa Komissiyasına öz namizədini irəli sürməlidir.

“Böyük Britaniyanın Aİ-dan ayrılmasının uzun müddətə təxirə salınması 3 səbəblə əsaslandırıla bilər: yeni siyasi prosesin başladılması, yeni referendumun təşkili və milli seçkilərin keçirilməsi” – Barnye vurğulayıb.

Qeyd edək ki, 29 martda Böyük Britaniya parlamenti hökumətin “Brexit” sazişini üçüncü dəfə rədd edib. İndi Böyük Britaniya iki seçim qarşısındadır: ya Aİ-na yeni alternativ fəaliyyət planı təklif etməli, ya da aprelin 12-də İttifaqdan çıxmalıdır. Aprelin 10-da isə Aİ “Brexit” üzrə fövqəladə sammit keçirəcək.

“Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu ilin 29 martında başa çatmalı və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoymalı idi. Lakin Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini yenidən rədd etdiyindən, London Aİ-dan çıxış tarixinin 30 iyunadək uzadılması üçün Brüsselə müraciət edib. Amma mayın 23-də Avropa Parlamentinə keçiriləcək seçkilərlə əlaqədar Brüssel “Brexit”in mayın 22-dək təxirə salınmasına şərti razılıq verib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti