Seçkilərdə CHP-yə uduzan AKP apellyasiya şikayəti verdi

   Seçkilərdə CHP-yə uduzan AKP apellyasiya şikayəti verdi
  02 Aprel 2019    Oxunub:2453
31 martda Türkiyədə keçirilən bələdiyyə seçkilərində İstanbul meri uğrunda mübarizədə rəqibi Cümhuriyyət Xalq Partiyasına uduzan (CHP) hakim Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyə Mərkəzi Seçki Komissiyasına seçkilərin ilkin nəticələri ilə bağlı apellyasiya şikayəti verib.
Azvision.az xəbər verir ki, bu barədə AKP-nin İstanbuldakı ofisinin rəhbəri Bayram Şənocaq bəyan edib.

“Bu gün biz İstanbulun 39 rayonu üzrə daxil olan seçki nəticələri ilə bağlı MSK-ya etirazımızı bildirmişik” - Şənocaq jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İstanbul meri vəzifəsinə namizəd olan partiya üzvü Binəli Yıldırımın xeyrinə verilən 2675 səsin seçki komissiyaları tərəfindən yekun protokollarda qeydə alınmamasına dair AKP-nin sübutu var. AKP-nin MSK-ya etdiyi apellyasiya şikayəti, həmçinin, etibarsız hesab olunan 309 min seçki bülleteninə də şamil olunub.

Qeyd edək ki, Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrinə əsasən, hakim Ədalət və İnkişaf Partiyası ümumilikdə ölkə üzrə 44,31% səslə qələbə qazanıb. Lakin paytaxt Ankarada və İstanbulda müxalif CHP-nin namizədləri qalib gəliblər.

Belə ki, İstanbulda seçkilərin favoriti sabiq baş nazir və parlamentin keçmiş spikeri Binəli Yıldırım hesab olunsa da, CHP-nin namizədi Əkrəm İmamoğlu 48,79 faizlə birinci olub. Binəli Yıldırım isə 48,52% səslə rəqibinə uduzub. Ankarada da CHP-nin namizədi Mansur Yavaş 50,91% səslə rəqib partiyanın namizədi Mehmet Özhaseki məğlub edib.


Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Türkiyə   Seçki  





Xəbər lenti