NATO baş katibinin mandatı Trampa görə uzadılıb

   NATO baş katibinin mandatı Trampa görə uzadılıb
  03 Aprel 2019    Oxunub:1893
NATO baş katibi Yens Stoltenberqin mandatının daha 3 il müddətinə uzadılmasına dair qərar ABŞ prezidenti Donald Trampın bu posta öz adamının namizədliyini irəli sürə bilməməsi ilə əlaqədar verilib.
Azvision.az xəbər verir ki, bu barədə “The Times” qəzeti adının çəkilməsini istəməyən yüksək vəzifəli iki mənbəsinə istinadən yazıb.

Mənbələrdən birinin sözlərinə görə, Stoltenberqin səlahiyyət müddətinin uzadılmasında məqsəd Trampın NATO baş katibinin dəyişdirilməsi prosesinə müdaxilə imkanlarını məhdudlaşdırmaqdır.

Digər mənbə isə bildirib ki, Avropa ölkələri Trampın baş katib postuna öz adamını gətirməklə müttəfiqlərinə alyansın büdcəsi ilə bağlı təzyiqləri artıracağından ehtiyatlandıqları üçün, NATO-da Stoltenberqin xələfinin seçilmə məsələsinin 2020-ci ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərindən sonraya təxirə salınmasına üstünlük veriblər. Əgər Tramp yenidən ABŞ prezidenti seçilərsə, o zaman NATO-nun yeni baş katibinə namizədlik məsələsində onun fikirlərini nəzərə almağa hazırdırlar.

Qeyd edək ki, ötən həftə alyansa üzv dövlətlərin qərarı ilə NATO-nun baş katibi Yens Stoltenberqin mandatı daha 2 il müddətinə - 2022-ci ilin 30 sentyabrınadək uzadılıb. Norveçin sabiq baş naziri olan Stoltenberq 2014-cü il oktyabrın 1-dən bu posta seçilib. Onun səlahiyyət müddəti 2017-ci ildə də uzadılmışdı.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Avropa   NATO   ABŞ  





Xəbər lenti