Nüvə silahı hamı üçün əlçatan olub – MAQATE

   Nüvə silahı hamı üçün əlçatan olub –    MAQATE
  04 Aprel 2019    Oxunub:1665
“İndiki zamanda nüvə silahı əldə etmək əvvəlki dövrlərlə müqayisədə daha asan olub və bu, bəşəriyyət üçün yeni risklər deməkdir. Çünki indi daha çox ölkələr öz nüvə proqramlarını inkişaf etdirməyə cəhd edirlər.”
Azvision.az “CBSNews”a istinadən xəbər verir ki, bu fikirləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Yukiya Amano bəyan edib.

“Ümumilikdə, nüvə silahı yaradılmasında istifadə olunan texnologiya 70 illik köhnə texnologiyadır. Amma indi bu sahədə böyük inkişaf var. Siz nüvə silahı yaradılması texnologiyası ilə bağlı informasiya, material və təhsil ala bilərsiniz. Bütün bunlar artıq əlçatandır” – Amano vurğulayıb.

MAQATE-nin baş direktorunun sözlərinə görə, son onillikdə Şimali Koreyanın nüvə proqramı əhəmiyyətli dərəcədə genişlənib və MAQATE Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesini qərəzsiz, müstəqil və obyektiv şəkildə yoxlaya və nəzarət edə biləcək yeganə beynəlxalq təşkilatdır. Və əgər razılıq əldə olunarsa, MAQATE bir neçə həftə ərzində Şimali Koreyaya müfəttişlər qrupu göndərməyə hazırdır.

Yukiya Amano onu da bildirib ki, hazırda İran nüvə sazişinə zidd heç bir fəaliyyətlə məşğul olmur və üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir: “Amma biz bunu diqqətlə izləməyə davam etməliyik”.

Qeyd edək ki, hazırda dünyanın qaynar nöqtələrində baş verən hadisələr nüvə silahının terrorçuların əlinə keçmə ehtimalını daha da artıb. Həmçinin, Yaxın Şərqdə vəziyyətin onsuz da gərgin və müharibələrlə dolu olduğu bir vaxtda Səudiyyə Ərəbistanı da nüvə silahı əldə etmək niyyətini gizlətmir.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   İran   MAQATE   ŞimaliKoreya   Nüvəsilahı  





Xəbər lenti