Qırğızıstanda keçmiş prezidentlər təqib olunacaq

   Qırğızıstanda keçmiş prezidentlər təqib olunacaq
  04 Aprel 2019    Oxunub:1777
Bu gün Qırğızıstanın parlamenti (Joqorku Keneş) üçüncü yekun oxunuşda ölkənin keçmiş prezidentlərinin imtiyazlarını məhdudlaşdıran və onların cinayət məsuliyyətinə cəlb olunmasına imkan verən qanun layihəsini təsdiqləyib.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Joqorku Keneşin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Joqorku Keneş üçüncü oxunuşda “Qırğızıstanın “Qırğızıstan Respublikası prezidentinin fəaliyyətinə zəmanətlər haqqında” qanununa dəyişikliklər edilməsi haqqında” qanun layihəsini qəbul edib” – məlumatda vurğulanır.

Parlamentin təsdiqlədiyi bu qanun layihəsinin imzalanmaq üçün yaxın günlərdə ölkə prezidentinə təqdim ediləcəyi bildirilir. Dövlət başçısının da təsdiqindən sonra qanun rəsmən qüvvəyə minəcək.

Qeyd edək ki, bu günədək Qırğızıstanın keçmiş prezidentləri toxunulmazlıq hüququna malik idilər. Bu qanun isə müxtəlif hallarla əlaqədar onlara qarşı cinayət təqibinin başladılmasına rəsmən icazə verəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Qırğızıstan  





Xəbər lenti