Gələn ilin inflyasiya gözləntiləri–TƏHLİL

Gələn ilin inflyasiya gözləntiləri–TƏHLİL
  19 Noyabr 2013    Oxunub:2111
Gələn il ölkədə inflyasiya yenə birrəqəmli səviyyədə qalacaq. Məlum olduğu kimi, cari il Azərbaycan Mərkəzi Bankı 5-6% inflyasiya proqnozlaşdırıb. Keçən il isə bu, 1,1% olmuşdu. Ölkəmizdə 2009-cu ildən bəri inflyasiya birrəqəmli səviyyədə (2009-cu ildə 1,5, 2010-cu ildə 5,7, 2011-ci ildə isə 7,9 %) qeydə alınır ki, hökumət mövcud makroiqtisadi sabitliyi qoruyub saxlamaq naminə bunda maraqlıdır.

Bu, özünü xüsusən, büdcədən maliyyələşən qurumlarda çalışan işçilərin aylıq əmək haqqlarının, o cümlədən pensiyaların səviyyəsinin artırılması zamanı büruzə verir. Belə ki, hökumətin bu sahədə çox ehtiyatla hərəkət etdiyini görürük ki, bu da Azərbaycanda vətəndaşların maaş və pensiyalarını artırmaq üçün geniş imkanın olmasına baxmayaraq, hər dəfə inflyasiyanın nəzərə alındığını göstərir. Çünki sosial istiqamətdə artımlar inflyasiyaya təkan verir: büdcədən ödənilən maaş və pensiyalar artırılan kimi qiymətlər yüksəlməyə başlayır ki, dərhal süni bahalaşma yaranır.

Ancaq bizdə qiymətləri ən çox süni və psixoloji amillər artırır. Prezident artımlarla bağlı sərəncamlar imzalayan kimi zəruri istehlak mallarının qiymətləri “titrəməyə” başlayır ki, bunun inflyasiyaya nə cür təsir etdiyini əslində, müəyyən etmək olmur.

Ölkədə sosial xərclərin inflyasiyaya təsirinin məhdud xarakter daşıdığını əksər ekspertlər də təsdiq edirlər.
Düzdür, dövlət büdcəmizdə cari xərclər və onun ümumi xərclərdə sahib olduğu pay səviyyəsi yüksəkdir. Ancaq dəfələrlə qeyd etdiyimiz kimi söhbət inflyasiyadan gedirsə, diqqəti daha çox büdcədən əsaslı xərclərə və infrastruktur layihələrə sərf olunan vəsaitlərə yönəltmək lazımdır.
Çünki sosial artımlardan fərqli olaraq, dövriyyədə nəğd vəsaitin həcmini məhz bu amil genişləndirir.

Bu baxımdan, 2014-cü ildə inflyasiyanın birrəqəmli səviyyədə qalacağına böyük əsas var. O səbəbdən ki, əvvəla, növbəti ilin dövlət büdcəsinin xərcləri builkindən cəmi 1,1% çox təşkil edəcək ki, bu da dövriyyədə nəğd pul kütləsi həcminin cari ildəkindən çox da fərqlənməyəcəyini deyir.

Ölkəmizdə dövlət büdcəsinin xərcləri son illər ərzində ən çox qlobal maliyyə və iqtisadi böhrana görə yalnız 2009-cu ildə 2,5 % azaldılmışdı ki, sonrakı illərdə xərclərin artım sürəti hər il ikirəqəmli səviyyədə olub. 2011-ci ildə isə bu rəqəm hətta 30,9 %-ə bərabər idi.

Beynəlxalq maliyyə qurumları sözügedən illər ərzində hökuməti həmişə xərcləri azaltmağa çağırırdı. Ancaq xərclərin bu cür artmasına rəğmən yuxarıda qeyd etdiyimiz kimi inflyasiya birrəqəmli səviyyədə saxlanılıb ki, xərclərin yalnız 30,9 % artırıldığı 2011-ci il ərzində ikirəqəmli səviyyə təhlükəsi yaranmışdı. Həmin ildə də bu, baş vermədi və inflyasiya 7,9 %-lə nəticələndi.

Bu zaman nəzərə almaq vacibdir ki, həmin illərdə ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalının artım səviyyəsi də az təşkil edib. 2011-ci ildə bu sahədə cəmi 0,1 % rəqəm əldə olundu ki, bu da dolayı yolla büdcə xərclərinin artmasına rəğmən, inflyasiyanın məhdud çərçivədə saxlanılmasının iqtisadi artım üçün əslində buxov sayıldığını göstərdi.
Ancaq sözümüz bunda deyil.

Gələn il ölkədə inflyasiyanın birrəqəmli səviyyədə təşkil edəcəyinə əsas yaradan ikinci məqam isə dövlət büdcəsindən əsaslı xərclərin nisbətən az (8400,5 milyon manat) təşkil edəcəyidir. 2014-cü ildə dövlət büdcəsi xərclərinin cəmi 41,9%-ni əsaslı xərclər təşkil edəcək ki, bu da cari ildəkindən təxminən 4% aşağıdır.

2013-cü ildə isə bu rəqəm 45%-dən çox idi. Dövlət büdcəsindən əsaslı xərclərin ümumi xərclərdə payının cari xərclərin xeyrinə bu cür dəyişməsi müsbət haldır. O baxımdan ki, təkrar edirik: söhbət, inflyasiyadan gedirsə diqqəti ən çox büdcədən əsaslı xərclərə və infrastruktur layihələrə sərf olunan vəsaitlərə yönəltmək lazımdır. Cari xərclər infyasiyaya heç vaxt güclü təzyiq yaratmır.

Növbəti ildə isə əməkhaqqları və pensiyalar (ilin əvvəlində həyata keçiriəcək indeksləşdirmə istisna olmaqla) ümumiyyətlə, artmayacaq.

Sözün qısası, ölkəmizdə inflyasiya gələnil daxil olmaqla, sonrakı 3 ildə də - 2015-ci ildə 3,8, 2016-cı ldə 3,9, 2017-ci ildə isə 4,1 % olmaqla birrəqəmli təşkil edəcək.

Ancaq bütün bunlara rəğmən bir cəhəti yadda saxlamaq vacibdir ki, inflyasiyanı həddindən artıq aşağı səviyyədə saxlamaq iqtisadi fəaliyyəti məhdud çərçivəyə saldığından ölkədə qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək çətinləşir. Bunu ölkəmizdə ÜDM istehsalına dair yuxarıda qeyd etdiyimiz misal da göstərdi.

Odur ki, iqtisadi fəaliyyəti və artımı dəstəkləyərkən, bu sahədə yürüdülən siyasət dövlət büdcəsindən həyata keçirilən investisiya, o cümlədən sosial maliyyələşdirmə tədbirləri ilə elə əlaqələndirilməlidir ki, infyasiya amilinə bunlardan məhz hansının daha çox təsir etdiyi üzə çıxsın, onların hər biriylə necə mübarizə aparmaq mexanizmi də aydın olsun.

O zaman, ölkəmizdə inflyasiya daha ideal şəkildə idarə oluna bilər.



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti