Həftarın ordusu hərbi düşərgəni ələ keçirdi

 Həftarın ordusu hərbi düşərgəni ələ keçirdi
  08 Aprel 2019    Oxunub:3327
Marşal Xəlifə Həftarın Liviya Milli Ordusu (LMO) paytaxt Tripolidən cənubdakı Yarmuk hərbi düşərgəsinə nəzarəti ələ keçirib.
Azvision.az xəbər verir ki, bu barədə LMO-nun baş komandanlığındakı mənbə “RİA Novosti”yə bildirib.

Qeyd edək ki, 2011-ci ildə Liviyanın dövlət başçısı Müəmmar Qəddafinin öldürülməsindən sonra ölkədə ikihakimiyyətlilik hökm sürür. Liviyanın şərqini seçkili parlament, paytaxt Tripoli də daxil omaqla qərb ərazilərini isə BMT və Avropa İttifaqının dəstəyilə formalaşdırılan, Fayez Sarracın başçılığı altındakı milli razılıq hökuməti idarə edir. Şərqdəki hakimiyyət Tripoliyə tabe olmur və Xəlifə Həftarın Liviya Milli Ordusu ilə əməkdaşlıq edir.

4 apreldə Həftar Tripolinin “terrorçulardan azad olunması” üçün şəhərə qarşı hücuma keçmək əmri verib. Nəticədə, LMO Tripolinin cənub-qərbindəki bir neçə rayonu, o cümlədən beynləxalq hava limanını döyüşsüz ələ keçirib. Buna cavab olaraq milli razılıq hökumətinə sadiq silahlı qüvvələr LMO-ya qarşı “Qəzəb vulkanı” adlı hərbi əməliyyatların başlandığını elan edib.

BMT isə Liviyada ümumi seçkilərin keçirilməsini və hamı üçün məqbul olan leqitim və vahid hökumətin yaradılmasını təklif edir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Liviya   Tripoli   BMT  





Xəbər lenti