Ərdoğan Moskvaya yollandı - İsrailin işğalçılıq siyasəti gündəlikdədir

  08 Aprel 2019    Oxunub : 1074
Ərdoğan Moskvaya yollandı - İsrailin işğalçılıq siyasəti gündəlikdədir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Moskvada rusiyalı həmkarı Vladimir Putinlə iki ölkə arasındakı münasibətləri, eləcə də, Suriya problemini və Colan təpələri ilə bağlı İsrailin işğalçılıq siyasətini müzakirə edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan özü Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün Moskvaya yollanmazdan əvvəl Atatürk hava limanında jurnalistlərə verdiyi açıqlamada deyib.

“Netanyahunun (İsrailin baş naziri) etdiyi hər şey beynəlxalq normalara ziddir. Amma İsrailin arxasında ABŞ dayanıb. ABŞ BMT-nin qərarlarına məhəl qoymur və Colan təpələri üzərində İsrailin suverenliyini tanıyıb. Onların birlikdə Yaxın Şərq üçün hazırladıqlarını qəbul etmək olmaz. Bu, xaosa və region üçün kədərli nəticələrə gətirib çıxaracaq. Biz bu gün Moskvada bu problemi müzakirə edəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasının gündəliyinə ikitərəfli münasibətlərin bütün aspektlərinin, həmçinin, “S-400” zenit-raket komplekslərinin tədarükü və müştərək enerji layihələrinin icrasının müzakirəsi də daxildir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Türkiyə   Rusiya   İsrail   Colantəpələri   Suriya