Lukaşenko Ukraynanın növbəti prezidentinin kimliyini açıqladı

 Lukaşenko Ukraynanın növbəti prezidentinin kimliyini açıqladı
  08 Aprel 2019    Oxunub:2334
Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada keçiriləcək prezident seçkilərinin ikinci turunun nəticəsini proqnozlaşdırıb.

Azvision.az “Belta”ya istinadən xəbər verir ki, Lukaşenko Ukraynanın prezident kürsüsü uğrundakı mübarizənin yekun qalibinin hazırkı dövlət başçısı Pyotr Poroşenko olacağını bəyan edib.
“Düşünürəm ki, bu prezident seçkilərini Poroşenko udacaq. Namizədlərdən birini çox yaxşı tanıyıram. Digər namizədi (şoumen Vladimir Zelenski) isə yalnız filmdə görmüşəm, onu bir siyasətçi kimi tanımıram. Amma sizə real təcrübədən nümunə gətirim: nə vaxtsa bizim Poroşenko ilə ortaq dostumuz var idi – Mixail Saakaşvili. Saakaşvili Gürcüstanın prezidenti ola-ola seçkilər keçirdi, konstitusiyanı və başqa şeyləri də dəyişdi – xalqla zarafat etməyə başladı. Və bu ona gətirib çıxardı ki, Saakaşvili Gürcüstanı tərk edib başqa ölkələrdə gizlənməyə məcbur oldu. Poroşenkonun da dama dırmaşmasına və oradan ukraynalıları köməyə çağırmasına ehtiyac duymaması üçün, o, hər şeyi edəcək ki, ukraynalılar onu dəstəkləsin” - Lukaşenko vurğulayıb.

Qeyd edək ki, Ukrayna MSK-nin nəticələrinə əsasən, 31 martda keçirilən prezident seçkilərinin birinci turunda Vladimir Zelenski 30,24% səslə lider olub. Ölkənin hazırkı prezidenti Pyotr Poroşenko isə cəmi 15,95% səsi yığa bilib. Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Seçki   Belarus  





Xəbər lenti