Binəli Yıldırım son şanslarını da itirir - Yeni nəticələr

  08 Aprel 2019    Oxunub : 22201
 Binəli Yıldırım son şanslarını da itirir - Yeni nəticələr
Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı müzakirələr davam edir. Hələ də İstanbul üzrə qalibin kimliyi rəsmən açıqlanmayıb. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) qələbəsini qəbul edə bilmir. Bütün səslərin yenidən sayılmasını istəyir.
Azvision.az -ın məlumatına görə, İstanbulun seçki dairələri üzrə etibarsız hesab olunan səslərin 94 faizi sayılıb. Nəticə etibarilə CHP təmsilçisi Əkrəm İmamoğlu 15 min 209 səs çoxluğu ilə AKP namizədi Binəli Yıldırımdan üstündür.

Hazırki nəticələr:

Əkrəm İmamoğlu - 4.170.868 səs
Binəli Yıldırım - 4.155.659 səs
Səs fərqi: 15209




Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinə əsasən, hakim Ədalət və İnkişaf Partiyası ümumilikdə ölkə üzrə 44,31% səslə qələbə qazanıb. Lakin paytaxt Ankarada və İstanbulda müxalif CHP-nin namizədləri qalib gəliblər.



Belə ki, İstanbulda seçkilərin favoriti sabiq baş nazir və parlamentin keçmiş spikeri Binəli Yıldırım hesab olunsa da, CHP-nin namizədi Əkrəm İmamoğlu rəqibindən üstün olub. Ankarada da CHP-nin namizədi Mansur Yavaş 50,91% səslə rəqib partiyanın namizədi Mehmet Özhaseki məğlub edib.



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu gün jurnalistlərə açıqlamasında AKP-nin seçkidə səslərinin oğurlandığını bildirib.

“İstanbuldakı seçkilər zamanı sadəcə pozuntular yox, sistemli qanun pozuntuları olub. Biz, təşkilatın hərəkətə keçərək cinayət törətdiyini görürük. Vətəndaşlar təkid edirlər ki, onların hüquqlarına tam şəkildə hörmət edilsin. Və bizim vəzifəmiz də onların hüquqlarını müdafiə etməkdir. Kamera görüntüləri və başqa sübutlar var. Burada söhbət seçki məntəqələrində səslərin oğurlanmasından gedir”, – deyə Ərdoğan vurğulayıb.

Azvision.az

Teqlər: Türkiyə   AKP   CHP