AKP İstanbulda təkrar seçki keçirilməsini tələb edir

AKP İstanbulda təkrar seçki keçirilməsini tələb edir
  09 Aprel 2019    Oxunub:2606
Türkiyənin Ali Seçki Komissiyası (ASK) Ədalət və İnkişaf Partiyasının (AKP) İstabuldakı bütün səslərin yenidən sayılması ilə bağlı tələbini rədd etdikdən sonra hakim partiya fövqəladə etiraz üsulundan istifadə edərək təkrar seçki keçirilməsini tələb edib.
Azvision.az xəbər verir ki, bu barədə AKP-nin sədr müavini Əli İhsan Yavuz partiyanın baş ofisindəki iclasda deyib. O, bildirib ki, AKP təkrar səsvermə yolu ilə seçki nəticələrinin ədalətli şəkildə yenilənməsinə nail olacaq. Yavuz həmçinin, İstanbul üzrə səsvermə prosesindəki qanun pozuntularında FETÖ-nün də əlinin olduğunu istisna etməyib.

“ASK “İstanbulda səslərin hamısının yenidən sayılmasına ehtiyac yoxdur” qərarını verib. Amma 51 qutuda səslərin sayılması ilə bağlı da qərar verib. Anlaya bilmirəm, bizim “51 seçki qutusunu sayın” deyə bir tələbimiz olmayıb. Çünki 51 qutunu saymağın heç bir mənası yoxdur. Biz o qutuları nümunə kimi göstərdik. Minlərlə belə qutu var... Ola bilsin ki, hələ də FETÖ-dən tam təmizlənməmişik. Kimlərinsə onlardan istifadə etmək işinə yaramış ola bilər. Bir çoxları bu məsələdə işbirliyi qurmuş ola bilərlər. Fövqəladə etiraz üsulundan istifadə edərək İstanbuldakı seçkilərin yenidən keçirilməsini istəyəcəyik. Ali Seçki Komissiyasına fövqəladə etiraz yolu ilə müraciət etməyimizlə yanaşı, əmin olun ki, çoxsaylı araşdırma da başlayacaq”, – deyə Yavuz vurğulayıb.

Bundan əvvəl AKP-nin ASK-dakı nümayəndəsi Rəcəb Özəl bildirmişdi ki, Komissiya İstanbuldakı 39 rayondan 21-dəki seçki məntəqələrində olan yalnız 51 seçki qutusundakı səslərin yenidən hesablanmasına razılıq verib.

Qeyd edək ki, İstanbulun seçki dairələri üzrə etibarsız hesab olunan səslərin demək olar ki, 100%-i faizi sayılsa da, CHP təmsilçisi Əkrəm İmamoğlu 14 min 604 səslə AKP namizədi Binəli Yıldırımdan hələ də öndədir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Türkiyə   Seçki   İstanbul  





Xəbər lenti