Seçkilərdə Netanyahu mütləq çoxluqdan məhrum olub - (Yenilənib)

  10 Aprel 2019    Oxunub : 1290
 Seçkilərdə Netanyahu mütləq çoxluqdan məhrum olub - (Yenilənib)
İsrailin Mərkəzi Seçki Komissiyası (MSK) Knessetə (İsrail parlamenti) keçirilən seçkilərdə səsvermə bülletenlərinin 97 faizini hesablayıb. Hazırda İsrail hərbi bazalarındakı əsgərlərin və xaricdəki diplomatların həlledici rola malik 3% səsinin hesablanması prosesi gedir.
Azvision.az “The Times of İsrael”ə istinadən xəbər verir ki, səsvermənin yekun nəticələri bu gün günorta saatlarında açıqlanacaq.

Hazırkı nəticələrə əsasən, İsrailin baş naziri Binyamin Netanyahunun “Likud” partiyası və İsrail ordusu baş qərargahının sabiq rəhbəri Beni Hantsın başçılığı altındakı mərkəzçi “Kahol-Lavan” (“Bəyaz-Mavi” - İsrail bayrağının rənglərinə uyğun olaraq adlandırılıb) blokunun hər biri Knessetdə 35 mandat qazanıb. Lakin hər iki tərəf çoxluq hökuməti formalaşdırmaq üçün mütləq üstünlüyə sahiblənə bilməyib.

Parlament seçkilərində sağçılar və dini partiyalar ərəblərdən, mərkəzçi və solçulardan daha çox yer qazandığından, Netanyahunun onlarla sağçı koalisiya hökuməti formalaşdırmasının asan olacağı bildirilir. Bununla da, Netanyahu Knessetdəki 120 yerin ən azı 65-nə sahiblənə biləcək. Mərkəzçilər, solçular və ərəblər isə birlikdə 55 yer əldə edə biləcəklər.

Həmçinin, bu dəfəki seçkilərdə ərəb partiyaları parlamentdə 3 yer itiriblər.

İsrailin istefa verən sabiq müdafiə naziri Aviqdor Libermanın “Bizim evimiz İsrail” (“Yisrael Beytenu”) sağçı partiyası isə parlamentdə 5 yer qazanıb. Lakin Liberman hələlik koalisiya hökuməti formalaşdırmaq üçün Netanyahuya açıq dəstək nümayiş etdirmir. O bildirib ki, seçkilərin yekun rəsmi nəticələri açıqlandıqdan sonra “Likud” partiyası ilə Beni Hantsın “Kahol-Lavan” bloku arasında son seçimini edəcək.

Bundan əvvəl həm Netanyahu, həm də Hants qələbə qazandıqlarını elan ediblər. Lakin əsas qələbə İsrail prezidentinin koalisiya hökumətini formalaşdırmağı kimə tapşıracağından asılıdır. Əgər bu iş Netanyahuya həvalə ediləcəksə, onda o, İsrailin ən uzun müddətə hakimiyyətdə olan liderinə çevriləcək.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Seçki   Knesset   İsrail