Gürcüstan Rusiya ilə qaz alışı barədə razılaşdı

  11 Aprel 2019    Oxunub : 689
Gürcüstan Rusiya ilə qaz alışı barədə razılaşdı
Gürcüstan hökuməti ilə Rusiyanın “Qazprom” şirkəti arasında kiçik miqdarda təbii qazın alışına dair razılıq əldə olunub.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Qeorqi Kobuliya jurnalistlərə açıqlamasında deyib.

““Qazprom”la müqavilə artıq imzalanıb və biz Rusiyadan kiçik miqdarda təbii qaz alacağıq” – Kobuliya vurğulayıb. Lakin gürcü nazir Rusiyadan idxal ediləcək təbii qazın həcmi və ödəniləcək məbləğ, eləcə də, müqavilənin digər detalları barədə məlumat verməyib.

Qeyd edək ki, hazırda qonşu ölkə mavi yanacağa olan tələbatının 90 faizindən çoxunu Azərbaycanın hesabına ödəyir. Kobuliya isə hələ bu ilin fevralında enerji məbələrinin diversifikasiyası məqsədilə ölkəsinin Rusiyadan qaz almaq istədiyini bildirmişdi. Gürcüstan 2006-cı ildən etibarən Rusiyadan təbii qaz almır. O indiyədək Ermənistana ixrac edilən qazın 10%-ni tranzit haqqı əvəzinə özünə götürürdü. Lakin 2017-ci ildəki müqavilə ilə Rusiya 2018-ci ilin yanvarından etibarən Ermənistana satılan qazın tranzit haqqını Gürcüstana yalnız pulla ödəyib. Bu isə Tbilisini qane etməyib və nəticədə, tərəflər ayrıca tədarük sazişi imzalayıblar.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Gürcüstan   Qazprom